Çində keçmiş müəllimin sərvəti 2,5 milyard dollara çatıb



Apple və Tesla kimi texnologiya nəhəngləri üçün yapışqan lent istehsal edən şirkətin birjada debüt etməsi sayəsində keçmiş ibtidai sinif müəllimi Çinin ən varlı şəxsləri sırasına qoşulub.

AFN.az xəbər verir ki, Crown New Materials Technology şirkətinin idarə heyətinin sədri və baş icraçı direktoru Maykl May Şençjen Fond Birjasında ilk ticarət günü sərvətini dəfələrlə artırıb. Şirkətin səhmləri ilkin kütləvi təklif qiyməti ilə müqayisədə 787 faiz yüksələrək rekord səviyyəyə çatıb.

Avstraliya vətəndaşı və Honq Konqun daimi sakini olan 62 yaşlı May şirkətdəki səhmləri sayəsində təxminən 2,5 milyard dollar sərvətə sahib olub. Şirkətin qurucusunun vaxtilə Çjunşan şəhərində ibtidai sinif müəllimi işlədiyi məlumdur. Onun sədr müavini olan bacısı May Huysya da 2 milyard dollarlıq sərvəti ilə milyarderlər siyahısına düşüb.

Çərşənbə axşamı qeydə alınan rekord yüksəlişdən sonra çərşənbə günü səhər saatlarında səhmlərin qiymətində geriləmə baş verib. Şirkət rəhbərliyi bazardakı həddindən artıq fəallıq səbəbindən investorları rasional investisiya qərarları verməyə çağırıb.

Çində dörd, Vyetnamda isə bir istehsal müəssisəsi olan şirkət avtomobil damlarından yarımkeçiricilərə qədər bir çox texnoloji məhsulun komponentlərini birləşdirmək üçün xüsusi yapışdırıcı maddələr istehsal edir.

Son aylarda zəif istehlak xərcləri və süni intellekt köpüyü ilə bağlı narahatlıqlar səbəbindən təzyiq altında olan Çin fond bazarlarında eniş tendensiyası müşahidə edilir. Pekin rəhbərliyi isə bazarları dəstəkləmək üçün milyardlarla dollarlıq müdaxilələr həyata keçirir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu