Meta-nın süni intellekt xərcləri investorları narahat etdi: Səhmlər kəskin ucuzlaşdı



Meta-nın mənfəət marjasının azalmasına baxmayaraq süni intellekt layihələrinə milyardlarla dollar yatırımını davam etdirəcəyini açıqlaması şirkətin səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub.

AFN.az xəbər verir ki, şirkətin süni intellekt layihələrinə yönəlik nəhəng investisiya planlarını davam etdirəcəyini bəyan etməsindən sonra Meta-nın səhmləri birjada 11 faizə qədər dəyər itirib.

Şirkətin aprel-iyun aylarını əhatə edən maliyyə hesabatına əsasən, üç aylıq gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 61 milyard dollara çatıb. Buna baxmayaraq xalis mənfəət 14 faiz azalaraq 6 milyard dollara enib.

Meta üç ay əvvəl açıqladığı 125 milyard dollarlıq illik xərc planını yeniləyərək bu il əsas hissəsi süni intellekt infrastrukturuna yönəlməklə 130-145 milyard dollar həcmində investisiya qoyacağını açıqlayıb.

Meta-nın baş icraçı direktoru Mark Zükerberq bildirib ki, həyata keçirilən investisiyalar şirkətin əsas fəaliyyət istiqamətlərini sürətləndirir. O qeyd edib ki, hazırladıqları süni intellekt texnologiyalarını gələcəkdə digər şirkətlərə satmağı planlaşdırırlar.

Meta-nın maliyyə direktoru Syuzan Li isə bildirib ki, süni intellekt texnologiyalarının korporativ müştərilərə təqdim edilməsi bu sahəyə qoyulan investisiyaların geri dönüşünü təmin edəcək. Onun sözlərinə görə, 2028-ci ilə qədər əllərindəki kartların böyük hissəsini açmış olacağlar.

Sərbəst pul axını son beş ilin ən aşağı səviyyəsinə düşüb

Açıqlanan maliyyə göstəricilərinə əsasən, əməliyyat xərclərindən sonra Meta-nın sərbəst pul axını 784 milyon dollara qədər geriləyərək son beş ildən artıq müddətin ən aşağı səviyyəsini görüb.

Analitiklər bildirirlər ki, rüb ərzində əldə olunan vəsaitin demək olar ki, hamısı süni intellekt infrastrukturu xərclərinə sərf olunub. Onların fikrincə, investorlar bunun şirkətin fəaliyyətinin şaxələndirilməsi, yoxsa əsas istiqamətdən uzaqlaşması olduğunu qiymətləndirməlidirlər.

Mütəxəssislər Meta-nın daha əvvəl metavers layihələrinə yönəltdiyi, lakin gözlənilən kommersiya nəticəsini verməyən milyardlarla dollarlıq investisiyaları xatırladaraq bildirirlər ki, şirkət bu dəfə də bazarda sübut olunmuş məhsul tələbi formalaşmadan yüksək xərc mərhələsinə daxil olur.

Mark Zükerberq isə texnologiya sektorunda süni intellektə qoyulan investisiyaları böyük strateji seçim kimi qiymətləndirərək uzunmüddətli perspektivdə bu sahəyə yatırım edənlərin qazanc əldə edəcəyini bildirib. Onun sözlərinə görə, süni intellekt modelləri FacebookInstagram platformalarında istifadəçi aktivliyini artırır. Bundan əlavə, müstəqil fəaliyyət göstərə bilən süni intellekt agentlərinin şirkətin məhsul xəttinin yeni mərhələsini formalaşdıracağı vurğulanıb.

Şirkətin daxili süni intellekt modelləri kommersiya istifadəsinə təqdim edilir

Meta Muse Spark adlı süni intellekt modelini inteqrasiya edilə bilən məhsula çevirərək korporativ şirkətlərə satmağı hədəfləyir. Mark Zükerberq bildirib ki, bu addım şirkətin tarixində fərqli biznes modeli formalaşdırsa da, maliyyə potensialı nəzərə alınmayacaq qədər kiçik deyil.

Həmin gün rüblük maliyyə nəticələrini açıqlayan Microsoft isə texnologiya şirkətlərinin səhmlərində müşahidə olunan eniş fonunda birja bağlandıqdan sonra keçirilən ticarətdə 5 faiz bahalaşıb. Şirkətin aprel-iyun dövründə satışları 18 faiz artaraq 90 milyard dollara, xalis mənfəəti isə 31 faiz yüksələrək 35,8 milyard dollara çatıb.

Microsoft-un maliyyə direktoru Emi Had bildirib ki, gələn il şirkətin kapital xərcləri 175 milyard dollar səviyyəsində olacaq və bu vəsaitin əsas hissəsi süni intellekt infrastrukturunun inkişafına yönəldiləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu