İlon Mask dünyanın ilk trilyoneri olmağa hazırlaşır



Kosmos və süni intellekt nəhəngi "SpaceX" 75 milyard dollarlıq rekord bir IPO (Initial Public Offering – İlkin Kütləvi Yerləşdirmə və ya İlkin İctimai Təklif) planlaşdırdığını açıqlayaraq şirkətin dəyərini 1,77 trilyon dollara çatdırmağı və qurucusu İlon Maskı tarixin ilk trilyoneri etməyi hədəfləyir.

AFN.az xəbər verir ki, İlon Maskın sahibi olduğu "SpaceX" ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına etdiyi bildirişlə maliyyə tarixinin ən böyük səhmlərinin açıq satışı üçün düyməyə basıb. Şirkət hər səhm üçün 135 dollar sabit qiymətlə 555,6 milyon ədəd səhm sataraq ümumilikdə 75 milyard dollar vəsait toplamağı planlaşdırır.

Bu addım reallaşdıqda "SpaceX" neft nəhəngi "Saudi Aramco"nun 2019-cu ildəki 29,4 milyard dollarlıq rekordunu geridə qoyaraq dünya tarixinin ən böyük səhm satışına imza atmış olacaq. Şirkətin ümumi bazar dəyərini təxminən 1,77 trilyon dollara yüksəldəcək bu tarixi addım "SpaceX"in yarısına sahib olan İlon Maskın şəxsi sərvətini də inanılmaz bir həddə çatdıracaq.

Maskın "SpaceX"dəki payı 841 milyard dollara çatarkən, "Tesla"dakı səhmləri ilə birlikdə ümumi sərvəti 1,1 trilyon dolları ötəcək və bu, onu dünyanın ilk trilyoneri edəcək.

2002-ci ildə sadəcə raket istehsal etmək və kosmosa yük daşımaq məqsədilə qurulan "SpaceX", zaman keçdikcə "Starlink" peyk internet xidməti ilə telekommunikasiya sektoruna addım atıb. Şirkətin dəyərini bu dərəcədə nəhəng bir nöqtəyə çatdıran əsas dönüş nöqtəsi isə bu ilin fevral ayında baş verib.

İlon Mask süni intellekt şirkəti "xAI" və "X" sosial media platformasını "SpaceX"in tərkibində birləşdirərək şirkəti qlobal süni intellekt yarışının ən mühüm aktorlarından birinə çevirib. İPO-dan əldə ediləcək nəhəng gəlirin təkcə Aya və Marsa ediləcək insanlı kosmos səyahətlərində deyil, kosmosda qurulacaq süni intellekt məlumat mərkəzlərinin (data mərkəzlərinin) maliyyələşdirilməsində də istifadə olunacağı qeyd edilib.

Uol-Stritin son dövrlərdəki süni intellekt yönümlü yüksəliş dalğasını arxasına alan "SpaceX", investorların gələcəkdəki məhsuldarlıq artımı gözləntilərini böyük bir kapitala çevirməyi hədəfləyir.

Süni intellekt yönümlü texnologiya şirkətlərinin hələ də dəqiq bir gəlirlilik modeli ortaya qoya bilməməsi və konkret kommersiya tətbiqləri hazırlamaqda çətinlik çəkməsi maliyyə dairələrində bir risk olaraq görülsə də, investorlar gələcəyə investisiya qoymağa davam edirlər. Gələn cümə günü birjada ticarət olunmağa başlaması gözlənilən "SpaceX" bu sahədə tək deyil.

"Anthropic" və "OpenAI" kimi digər süni intellekt nəhəngləri də səhm satışı hazırlıqlarını davam etdirirlər. Bu böyük texnologiya dalğasının şirkətlərin gəlirlilik vəziyyətindən asılı olmayaraq minlərlə yeni milyonçu və milyarder yaradacağı proqnozlaşdırılır.

"SpaceX"in İPO-dan sonra şirkətdəki səhmlərin yarısını əlində saxlamağa davam edəcək olan İlon Mask xüsusi səsvermə hüququna malik səhmləri sayəsində şirkətdəki idarəetmə gücünün 82,4 faizinə sahib olaraq tək söz sahibi olmağa davam edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu