Kanadada ayı hücumunda ana və qızı həyatını itirib



Kanadanın Sakit okean sahilində yerləşən Britaniya Kolumbiyası əyalətinin Bella Coola bölgəsində ana və qızının ölümü ilə nəticələnən hadisə ilə bağlı araşdırmalar davam edir. Britaniya Kolumbiyası Vəhşi Təbiətin Mühafizəsi Xidmətinin rəsmiləri ayı hücumunda bir neçə boz ayının iştirak etmiş ola biləcəyini bildiriblər.

AFN.az xəbər verir ki, qurumun müfəttişlərindən Ceff Tayer yayımladığı video müraciətində Kanada Kral Atlı Polisi və mühafizə əməkdaşlarının apardığı axtarışlar zamanı ikinci meyitin tapıldığını açıqlayıb.

Tayer hadisədə birdən çox ayının iştirak edib-etmədiyinin hələ dəqiq müəyyənləşmədiyini, bölgədə tutulan bütün ayıların qiymətləndirməyə cəlb ediləcəyini bildirib.

İncəsənət terapevti Ceni Balkarras və onun 20 yaşlı qızı Selah Ridin ailə üzvləri bazar günü onların itkin düşməsi barədə məlumat vermişdilər. Ailə yaxınlarından Meri Melissa Smit Balkarrasın həyatında yeni səhifə açmaq məqsədilə qısa müddət əvvəl Bella Coola bölgəsinə köçdüyünü bildirib. Həyatını itirən Balkarrasın geridə üç yetkin övlad və bir nəvə qoyduğu qeyd olunub.

Mərkəzi Sahil Müəllimlər Assosiasiyası da sosial şəbəkədə yaydığı açıqlamada Balkarrasın avqust ayında məsləhətçi kimi məktəb kollektivinə qoşulduğunu, şagirdlərin rifahı üçün müəllimlər və digər əməkdaşlarla sıx əməkdaşlıq etdiyini bildirib.

Müfəttiş Tayer hücumda iştirak edən ayıların tutulması istiqamətində işlərin davam etdiyini və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əyalət qaydalarına uyğun olaraq tutulan heyvanların məhv ediləcəyini açıqlayıb.

Bu hadisə eyni bölgədə təxminən bir il əvvəl 20 ibtidai sinif şagirdi və müəllimdən ibarət qrupa boz ayının hücum etməsindən sonra baş verib. Ötən ilin noyabrında qeydə alınan və bir böyük ilə üç uşağın ağır yaralanmasına səbəb olan hücumda iştirak edən ayını tutmaq mümkün olmayıb.

Kalqari şəhərində fəaliyyət göstərən ayı təhlükəsizliyi üzrə mütəxəssis Kim Tişener sosial şəbəkələrdə itkin düşmə barədə məlumatları gördükdə bölgənin xüsusiyyətlərinə görə ayı hücumundan narahat olduğunu bildirib. Bella Coola bölgəsinin böyük boz ayı və qara ayı populyasiyası ilə tanındığını qeyd edən Tişener sakinlərin evlərinin yaxınlığında ayı görməsinin adi hal olduğunu deyib.

Tişener yaşayış mühitlərinin itirilməsi, quraqlıq və iqlim dəyişikliyinin səbəb olduğu qida çatışmazlığı nəticəsində Britaniya Kolumbiyasında ayı populyasiyasının ciddi təzyiq altında olduğunu, bunun da insanlarla ayıların daha çox qarşılaşmasına gətirib çıxardığını bildirib.

Rəsmilər hücumun baş verdiyi Snootka cığır sisteminin qərb hissəsindən insanların uzaq durmalı olduğunu vurğulayıb, bölgə sakinləri və Nuxalk qəbiləsi ilə əlaqələrin davam etdirildiyini bildiriblər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu