Monreal hava limanında yerüstü xidmətləri əməkdaşını təyyarə vurdu



Kanadanın Monreal şəhərindəki hava limanında yerüstü xidmətləri əməkdaşının ölümü ilə nəticələnən qəza ilə bağlı araşdırmalar davam edərkən, Fransaya uçan təyyarədəki sərnişin uçuş zamanı ekranında gördüyü görüntülər vasitəsilə qəzanın dəhşətli anlarına şahid olduğunu danışıb.

AFN.az xəbər verir ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

French Bee aviaşirkətinə məxsus 351 saylı reysin uçuşa hazırlaşdığı zaman baş verən hadisəni danışan Mattyö Duveno oturacağındakı ekrandan təyyarənin ön eniş dayağını gördüyünü bildirib. Duveno “Uçuş-enmə zolağında çalışan əməkdaş birdən səndələmiş kimi oldu. Həmin anda təyyarə geriyə doğru hərəkət etdi və bir zərbə hiss etdik. Dərhal çox ciddi bir şey baş verdiyini anladım” deyib.

Beynəlxalq Mexaniklər və Aerokosmik İşçilər Assosiasiyası qəzada həyatını itirən 39 yaşlı əməkdaşın Oskar Robayo olduğunu açıqlayıb. Robayonun hava limanında baqaj və sərnişin xidmətləri göstərən Samsic şirkətində perron əməkdaşı kimi çalışdığı bildirilib.

Hadisə bazar ertəsi yerli vaxtla saat 18:00-da Parisə uçması planlaşdırılan French Bee aviaşirkətinə məxsus təyyarədə baş verib. Şirkətin açıqlamasında qəzanın təyyarənin geri itələnməsi əməliyyatı zamanı baş verdiyi və hadisənin dəqiq səbəbinin hələ müəyyən edilmədiyi bildirilib.

Hava limanının idarəçiliyindən verilən açıqlamada təcili yardım qruplarının saat 19:30 radələrində müdaxilə etdiyi qeyd olunub. Ağır yaralanan Robayo aparıldığı xəstəxanada göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

Hadisəni faciəvi əmək qəzası kimi qiymətləndirən hava limanı rəhbərliyi həyatını itirən əməkdaşın yaxınlarına başsağlığı verib.

Duveno təyyarədə toqquşma anında yüngül sarsıntı hiss edildiyini, sərnişinlərdən birinin qışqırdığını, tibb bacısı olduğunu bildirən başqa bir sərnişinin isə kömək etmək istədiyini deyib. Duveno hadisədən təxminən 30 saniyə sonra kabin heyətinin kamera görüntüsünü bağladığını qeyd edib.

Kanada Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmaya başlayıb və əraziyə ekspertlərdən ibarət qrup göndərib. Əmək və Sosial İnkişaf Nazirliyi də işəgötürənin sağlamlıq və təhlükəsizliklə bağlı öhdəliklərini yerinə yetirib-yetirmədiyini müəyyənləşdirmək məqsədilə istintaq başladıldığını açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu