ABŞ-da seçicilər süni intellekt məlumat mərkəzlərinə məhdudiyyət tələb edir
ABŞ-da texnologiya şirkətlərinin süni intellekt infrastrukturu üçün milyardlarla dollarlıq investisiya planları noyabrın 3-də keçirilən aralıq seçkilərlə eyni vaxtda baş tutan yerli səsvermələrdə məlumat mərkəzi layihələrinə məhdudiyyət və qadağa təşəbbüslərinə seçicilərin güclü dəstəyi ilə üzləşib.
AFN.az xəbər verir ki, Konqresin hər iki palatasında demokratların üstünlük qazandığı aralıq seçkilərdə müxtəlif ştatlarda seçicilərin səsverməsinə çıxarılan məlumat mərkəzi layihələrinə dair yerli tənzimləmə və məhdudiyyət təklifləri bu investisiyaların gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırıb.
Seçki məlumatlarını izləyən Ballotpedia-nın məlumatına görə, noyabrın 3-də Kaliforniya, Florida, İllinoys, Kanzas, Men, Şimali Dakota, Nyu-Cersi, Nevada, Ohayo və Viskonsin də daxil olmaqla 10 ştatda məlumat mərkəzlərinin tikintisi və inkişafı ilə bağlı 41 yerli təklif seçicilərin səsverməsinə çıxarılıb.
Bəzi şəhərlərdə yeni məlumat mərkəzlərinin yaradılmasının tamamilə qadağan edilməsi seçicilərin mühakiməsinə təqdim olunub. Bəzi yaşayış məntəqələrində isə yeni məlumat mərkəzi layihələrinin hazırlanmasına və ya bu layihələrlə bağlı müraciət və icazə proseslərinə 180 gün və ya 6 ay müddətinə fasilə verilməsi üçün razılıq istənilib.
Bəzi şəhərlərdə 25 meqavatdan çox elektrik enerjisi tələbatı olan məlumat mərkəzlərinin yaradılmasının qadağan edilməsi, digər bölgələrdə isə iri layihələrin həyata keçirilməsi üçün seçici razılığının və ya əlavə maliyyə təminatlarının tələb olunması ilə bağlı təkliflər səsverməyə çıxarılıb.
Kaliforniyanın Alhambra şəhərində məlumat mərkəzlərinin tikintisinin qadağan edilməsi təklifi seçicilərin 82 faizinin dəstəyini alıb. Floridanın Edgewater şəhərində isə yeni məlumat mərkəzlərinin təsdiqlənməsini, tikintisini, genişləndirilməsini və fəaliyyətini qadağan edən təklifə 77 faiz dəstək verilib.
İllinoys ştatının Bloomington şəhərində də iri məlumat mərkəzlərinin tikintisinə müvəqqəti moratorium (müvəqqəti dayandırma) tətbiq edilməsini tövsiyə edən təklif 78 faiz dəstək qazanıb.
Məlumat mərkəzləri ilə bağlı təkliflərin ən çox səsverməyə çıxarıldığı ştat Ohayo olub. Ştatın Konneaut, Defiance, Oregon və Sunbury şəhərlərində ümumi elektrik enerjisi tələbatı və ya pik yükü 25 meqavatı aşan məlumat mərkəzlərinin tikintisini qadağan etməyə yönəlmiş təkliflər qəbul edilib. Granville şəhərində məlumat mərkəzlərinin tikintisinin qadağan edilməsi seçicilərin 82 faizinin, Trenton şəhərində isə iri məlumat mərkəzlərinin tikintisinin qadağan olunması 80 faizinin dəstəyini alıb.
Seçicilərin məlumat mərkəzlərinə etirazının arxasında bu obyektlərin elektrik enerjisi və su istehlakı, yerli şəbəkələrə yük yaratması, elektrik xərclərini artırması və səs-küy də daxil olmaqla ətraf mühitə təsirləri kimi amillər dayanır. Bu səbəbdən getdikcə daha çox insan planlaşdırılan məlumat mərkəzi layihələrinə qarşı çıxır, mövcud obyektlərə daha sərt qaydaların tətbiqini tələb edir.
“Gallup” tərəfindən yayımlanan təhlil göstərir ki, hər 10 amerikalıdan 7-si yaşadığı ərazidə süni intellekt məlumat mərkəzinin tikintisinə qarşıdır.
Məlumat mərkəzlərinə və onların təsirlərinə dair ictimai rəy getdikcə mənfiləşdikcə, əhali arasında artan etiraz investisiya layihələrinə də mane olur.
“Data Center Watch”ın məlumatları göstərir ki, 2026-cı ilin ikinci rübündə ümumi layihə dəyəri təxminən 68 milyard dollar olan ən azı 45 məlumat mərkəzi layihəsi yerli etirazlar səbəbindən dayandırılıb və ya təxirə salınıb.
ABŞ-da məlumat mərkəzlərinə qarşı narazılığın təkcə yerli səsvermələrdə deyil, ştat rəhbərliyi səviyyəsindəki seçki yarışlarında da özünü göstərdiyi müşahidə olunub.
“US Data Center Map”ın məlumatına görə, Texasda fəaliyyətdə olan, tikintisi davam edən və ya planlaşdırılan ümumilikdə 561 məlumat mərkəzi obyekti və layihəsi, Corciyada isə 232 belə obyekt və layihə var. Hər iki ştatda demokrat namizədlərin qubernator seçkilərində qalib gəlməsinin məlumat mərkəzi investisiyalarına dair siyasəti dəyişə biləcəyi ehtimal olunur.
Texasda respublikaçı qubernator Qreq Abbottı ştatı nəzarətsiz şəkildə məlumat mərkəzləri bazasına çevirməkdə ittiham edən və seçkilərdə qalib gələn demokrat Cina Hinojosa məlumat mərkəzlərini tənzimləyən və yerli icmaların qərarvermə prosesində iştirakını təmin edən qanunlar qəbul edilənədək ştat miqyasında yeni layihələrə moratorium tətbiq etməyi planlaşdırır.
Corciyada isə yeni məlumat mərkəzlərinin tikintisinin dayandırılmasını müdafiə edən və qubernator seçkilərində qalib gələn demokrat Kişa Lens Bottomsun siyasətinin süni intellekt infrastrukturu üzrə investisiyaların gələcəyinə əhəmiyyətli təsir göstərə biləcəyi bildirilir.
Demokratların Konqresdə mövqelərini gücləndirməsi süni intellekt şirkətləri və iri texnologiya firmalarına federal səviyyədə nəzarətin arta biləcəyinə işarə edir.
Yeni dövrdə süni intellekt sektoru ilə bağlı Konqres araşdırmalarının və şirkət rəhbərlərinin ifadə verməyə çağırılması hallarının artacağı gözlənilir.
