Google Hindistanda süni intellekt mərkəzi quracaq
ABŞ-ın texnologiya nəhəngi Google gələn beş il ərzində Hindistana 15 milyard dollar sərmayə qoyaraq ölkənin cənubunda ABŞ-dan kənar ən böyük süni intellekt (AI) mərkəzini yaradacağını açıqlayıb.
NDTV kanalının məlumatına görə, mərkəz Andhra Pradeş ştatının liman şəhəri Visakhapatnamda inşa ediləcək. Burada 1 gigavatlıq enerji gücü, geniş infrastruktur və yüksək hesablama potensialı təmin ediləcək.
Yeni mərkəz süni intellekt sistemlərinin, xüsusən böyük dil modellərinin fasiləsiz işləməsi üçün geniş enerji resursları və sürətli məlumat ötürülməsi təmin edən genişlənmiş fiber-optik şəbəkə ilə təchiz olunacaq.
Google Cloud CEO-su Tomas Kurian Yeni Dehlidə keçirilən tədbirdə bildirib ki, bu mərkəz şirkətin ABŞ-dan kənarda quracağı ən böyük süni intellekt mərkəzi olacaq. O, əlavə edib ki, 15 milyard dollarlıq sərmayə Hindistanda indiyədək edilən ən böyük investisiya olacaq.
Google-ın investisiyası texnologiya şirkətlərinin artan qlobal AI tələbatını qarşılamaq üçün məlumat mərkəzlərini genişləndirdiyi bir dövrə təsadüf edir.
Microsoft və Amazon son illərdə Hindistanda milyardlarla dollarlıq məlumat mərkəzi yatırımları həyata keçirib. ABŞ-ın süni intellekt şirkəti OpenAI CEO-su Sam Altman isə ölkədə ChatGPT istifadəçi sayının son bir ildə dörd dəfə artdığını bildirərək, ilin sonuna qədər Hindistanda ofis açmağı planladıqlarını açıqlayıb.
Ekspertlər qeyd edirlər ki, Hindistanın həm geniş istifadəçi bazası, həm də sürətlə inkişaf edən rəqəmsal infrastrukturu ölkəni qlobal süni intellekt rəqabətinin mərkəzlərindən biri halına gətirib.
