Süni intellekt sahəsində milyardlarla dollarlıq əməkdaşlıqlar sürətlənir
Nvidia, OpenAI, AMD və Oracle kimi nəhəng texnologiya şirkətləri süni intellekt infrastrukturunu gücləndirmək və qlobal texnologiya ekosistemini yenidən formalaşdırmaq məqsədilə milyardlarla dollarlıq əməkdaşlıqları genişləndirir.
Süni intellekt sistemlərinə tələbatın kəskin artması fonunda sektor miqyasında həm infrastruktur sərmayələri, həm də strateji tərəfdaşlıqlar getdikcə daha böyük əhəmiyyət qazanır.
Microsoft, Nvidia, OpenAI, Meta, AMD və Oracle kimi şirkətlərin son aylarda açıqladığı yeni əməkdaşlıqlar süni intellektin bu şirkətlərin gələcək inkişaf strategiyalarında mərkəzi yer tutduğunu göstərir.
UBS bankının proqnozlarına görə, bu il qlobal süni intellekt xərclərinin 375 milyard dollara, 2026-cı ildə isə 500 milyard dollara çatacağı gözlənilir.
OpenAI və AMD: on milyardlarla dollarlıq tərəfdaşlıq
ABŞ-ın yarımkeçirici nəhəngi AMD OpenAI ilə strateji əməkdaşlıq haqqında razılığa gəldiyini açıqlayıb. Razılaşmaya əsasən, AMD OpenAI-ın süni intellekt infrastrukturunu gücləndirmək üçün xüsusi prosessor çipləri təmin edəcək və ilkin quraşdırmalar 2026-cı ilin ikinci yarısında başlayacaq.
AMD OpenAI-a 160 milyonadək səhm alma hüququ verib. Şirkətin bu tərəfdaşlıqdan on milyardlarla dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Nvidia-nın OpenAI-a 100 milyard dollara qədər investisiyası
Nvidia OpenAI-ın növbəti nəsil modellərini təlim və idarəetmə üçün 10 qiqavatlıq sistemin istifadəyə veriləcəyini əhatə edən əməkdaşlıq çərçivəsində 100 milyard dollara qədər sərmayə yatıracağını açıqlayıb. Layihənin ilk mərhələsi 2026-cı ilin ikinci yarısında fəaliyyətə başlayacaq.
Bu tərəfdaşlıq Microsoft, Oracle, SoftBank və Stargate kimi layihələrlə paralel şəkildə həyata keçirilir.
Intel-ə milyardlarla dollar axını
Nvidia Intel ilə xüsusi məlumat mərkəzi və kompüter məhsulları üzərində əməkdaşlıq qurub. Nvidia Intel-in səhmərinə 5 milyard dollar investisiya yatırıb.
Bundan əlavə, ABŞ hökuməti Intel-ə 8,9 milyard dollar, Yaponiyanın SoftBank qrupu isə 2 milyard dollar sərmayə yatırıb.
CoreWeave və OpenAI: 22 milyard dollarlıq bulud əməkdaşlığı
Bulud hesablama şirkəti CoreWeave OpenAI ilə mart və may aylarında ümumi dəyəri 15,9 milyard dollar olan müqavilələr imzalayıb. Sentyabrda elan edilən son razılaşma ilə bu rəqəm 22,4 milyard dollara yaxınlaşıb.
CoreWeave həmçinin Meta ilə müqavilə bağlayıb. Bu çərçivədə Meta 2031-ci ilədək şirkətə 14,2 milyard dollar ödəyəcək.
Amazon və Anthropic
Amazon 2024-cü ilin noyabrında süni intellekt startapı Anthropic-ə əlavə 4 milyard dollar investisiya yatıraraq ümumi sərmayəsini 8 milyard dollara çatdırıb.
Stargate: ABŞ-da 500 milyard dollarlıq süni intellekt təşəbbüsü
ABŞ Prezidenti Donald Tramp OpenAI, Oracle və SoftBank-ın ortaq şəkildə həyata keçirəcəyi “Stargate” layihəsi ilə ölkənin süni intellekt infrastrukturuna 500 milyard dollarlıq özəl sərmayə planını elan edib.
Meta, Tesla və Google-dan yeni addımlar
Meta süni intellekt şirkəti Scale AI-a 14 milyard dollarlıq investisiya yatırıb. Tesla və Samsung 16,5 milyard dollarlıq çip tədarük müqaviləsi bağlayıb. Google isə Windsurf şirkəti ilə AR-GE əməkdaşlığı barədə razılığa gəlib.
Microsoft və Nebius Group
Sentyabrda Nebius Group Microsoft-a süni intellekt infrastrukturu təmin etmək üçün çoxillik milyard dollarlıq müqavilə imzalayıb. Şirkət bu ilin sonunda Nyu-Cersi ştatındakı yeni məlumat mərkəzindən Microsoft-a xüsusi bulud resursları təqdim edəcək.
Bu sazişlər göstərir ki, qlobal texnologiya nəhəngləri süni intellekti yalnız məhsul yeniliyi kimi deyil, həm də iqtisadi və siyasi güc balansını müəyyən edən əsas faktor kimi görür.
