Süni intellektlə şirkət rəhbərlərini təqlid edərək 130 milyon dollarlıq dələduzluq ediblər
Manhetten federal prokurorları şirkət rəhbərlərini və vəkilləri təqlid etmək üçün süni intellektdən istifadə edərək şirkətləri təxminən 130 milyon dollar məbləğində aldatdıqları iddia olunan üç nəfər barəsində ittiham irəli sürüldüyünü açıqlayıb. “Rocky Balboa” adından istifadə edən Ceykob Soall, Şeron Hazan və Qay Şitrit adlı şübhəlilər Avropada saxlanılıb və ABŞ-yə ekstradisiya ediləcəklər.
AFN.az xəbər verir ki, hazırlanmış ittihamnaməyə əsasən, şübhəlilər 2024-cü ilin iyulundan 2026-cı ilin fevralınadək şirkət rəhbərlərinin və iri hüquq firmalarında çalışan vəkillərin səslərini süni intellekt vasitəsilə təqlid ediblər.
Gizli maliyyə əməliyyatının həyata keçirildiyi barədə yalan məlumat verərək əməkdaşları aldadan şübhəlilər vəsaitlərin dünyanın müxtəlif ölkələrindəki bank hesablarına köçürülməsinə nail olublar. Şübhəlilərin ümumilikdə 129 milyon dollardan çox qanunsuz gəlir əldə etdikləri bildirilir.
Dələduzluq şəbəkəsinin Missuri ştatındakı xəstəxana sistemindən 4,8 milyon dollar, Rod-Aylenddəki bankdan 2,6 milyon dollar, Kaliforniyadakı başqa bir xəstəxanadan 2,9 milyon dollar, İngiltərədə yerləşən maliyyə texnologiyaları şirkətindən 11,5 milyon dollar, Massaçusetsdəki investisiya fondundan 4,6 milyon dollar və Floridadakı ev heyvanları üçün yem istehsal edən şirkətdən 5,2 milyon dollar oğurladığı qeyd olunub.
ABŞ prokuroru Ceymi Makdonald məsələ ilə bağlı açıqlamasında süni intellekt texnologiyasının böyük potensial təqdim etdiyini, lakin bəzi şəxslərin bu texnologiyadan cinayət məqsədləri üçün istifadə etməyə çalışdığını vurğulayıb.
ABŞ Ədliyyə Nazirliyi şübhəlilərin son aylarda Avropada keçirilən əməliyyatlar zamanı saxlanıldığını açıqlayıb. 41 yaşlı Ceykob Soall iyun ayında İspaniyada, 54 yaşlı Şeron Hazan avqust ayında İspaniyada, 42 yaşlı Qay Şitrit isə sentyabr ayında İngiltərədə tutulub.
İrəli sürülən ittihamların federal həbsxanada 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutduğu bildirilib. Şübhəlilərdən Şeron Hazanın 2008-ci ildə də bank dələduzluğu cinayətinə görə məhkum edildiyi qeyd olunub.
