Oracle 21 min işçisini işdən çıxarıb



ABŞ-da yerləşən texnologiya nəhəngi Oracle fəaliyyətini süni intellekt texnologiyaları ətrafında yenidən formalaşdırmaq prosesi çərçivəsində son bir ildə dünya miqyasında təxminən 21 min işçisinin işinə son qoyub.

AFN.az xəbər verir ki, şirkətin yayımladığı son illik hesabat bu irimiqyaslı ixtisarı ortaya qoyub.

Proqram təminatı və bulud hesablamaları firması tərəfindən paylaşılan məlumatlara görə, 31 may 2026-cı il tarixinə olan tamştatlı işçilərin sayı ötən ilin eyni dövründəki 162 min səviyyəsindən təxminən 141 minə düşüb.

Hesabatda fəaliyyətlərinin ümumi gedişatında süni intellekt texnologiyalarının tətbiq edilməsinin işçi qüvvəsinin azalmasına səbəb olduğu və bu vəziyyətin gələcəkdə də davam edə biləcəyi ifadəsi yer alıb.

Şirkət işçi qüvvəsinin təxminən 13 faizinə bərabər olan bu ixtisar məlumat mərkəzləri kimi süni intellekt infrastrukturuna yüz milyardlarla dollar xərcləyən texnologiya firmaları arasındakı ümumi meylin bir hissəsi olaraq qiymətləndirilir.

Son aylarda AmazonFacebook-un ana şirkəti Meta da süni intellektə böyük investisiyalar yatıraraq minlərlə işçisini işdən çıxarıb. Məşğulluq monitorinqi firmalarının təxminlərinə görə, sektor miqyasında son bir ildə 100 mindən çox texnologiya işçisinin işinə son verilib.

Təcrübəli heyətin internet mühitindəki paylaşımlarına görə, Oracle aprel ayında əhəmiyyətli dərəcədə işdənçıxarma həyata keçirib, lakin bu əməliyyatın tam miqyası illik hesabat təqdim olunana qədər açıqlanmayıb.

Şirkət sözügedən ixtisarların son bir ildə təxminən 1,8 milyard dollar işdənçıxarma müavinəti və digər yenidənqurma xərclərinə səbəb olduğunu bildirib. Bu rəqəm əvvəlki maliyyə ilindəki 374 milyon dollarlıq yenidənqurma xərcləri ilə müqayisədə ciddi artımı ifadə edir.

Yenidenqurma işlərinin fasilələrə yol aça biləcəyi barədə xəbərdarlıq edən Oracle bu prosesin müəyyən rollarda ixtisaslı işçi qüvvəsi çatışmazlığı yarada biləcəyini və qazanclara təsir göstərə biləcək bir məhsuldarlıq itkisi ilə nəticələnə biləcəyini qeyd edib.

Süni intellekt nəhəngləri OpenAIMeta üçün məlumat mərkəzləri qurmaq yarışında olan Oracle-ın bu il infrastruktur işlərinə ən azı 50 milyard dollar xərcləməyi planlaşdırdığı ictimaiyyətə məlum olub.

Dünyanın ən zəngin şəxslərindən biri olan və eyni zamanda Oracle-ın baş texnologiya direktoru vəzifəsini icra edən Larri Ellison tərəfindən qurulan şirkət süni intellektə investisiya qoyarkən işçi qüvvəsini azaldan yeganə oyunçu deyil.

Google, Amazon və Meta bu il texnologiyaya kollektiv şəkildə təxminən 650 milyard dollar yönəltməyi planlaşdırır. Dünya miqyasında 1,5 milyondan çox insanı işlə təmin edən Amazon gələn il süni intellekt investisiyalarına 200 milyar dollar xərcləyəcəyini bəyan edərək böyük texnologiya şirkətləri arasında ilk sırada yer alıb.

Elektron ticarət və texnologiya nəhəngi bir neçə mərhələdə təxminən 30 min işçisini işdən çıxaracağını da elan edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu