Tarixin ən böyük kriptovalyuta oğurluqlarından biri: 245 milyon dollar
ABŞ-da məhkəmə qarşısına çıxarılan 22 yaşlı sinqapurlu Malone Lam tarixin ən böyük kriptovalyuta oğurluqlarından birini təşkil etmək və dəstə fəaliyyətində iştirak etmək ittihamlarını qəbul edib.
AFN.az xəbər verir ki, Lamın dostları ilə birlikdə 245 milyon dollar dəyərində Bitcoin oğurladığı və bu vəsaiti yuduğu bildirilir.
ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında Lamın dostları ilə dəstə yaradaraq 245 milyon dollar dəyərində Bitcoin oğurladığı və bu pulu yuduğu qeyd edilib.
Oğurlanan vəsaitlərin klublarda bir gecədə 500 min dollara qədər xərcləndiyi, 100 min ilə 3,8 milyon dollar arasında dəyişən qiymətlərdə lüks avtomobil kolleksiyasının alındığı bildirilib.
Lamın həmçinin gecə klublarında izdihamın üzərinə on minlərlə dollar dəyərində Hermes Birkin çantaları atdığı, lüks saatlara, şəxsi təyyarə kirayəsinə və xüsusi mühafizə dəstəsinə milyonlarla dollar xərclədiyi qeyd olunub.
Məhkəmə sənədlərinə görə, 2023-cü ilin oktyabrında başlayan və ən azı 2025-ci ilin mayına qədər davam edən şəbəkənin üzvləri onlayn oyun platformaları vasitəsilə tanış olublar.
Kaliforniya, Konnektikut, Nyu-York, Florida və ABŞ-dan kənardan qoşulan üzvlərə “Anne Hathaway”, “$$$” və “King Greavy” ləqəblərindən istifadə edən Lam rəhbərlik edib.
Şəbəkənin qurbanları aldadaraq onların məxfi məlumatlarını ələ keçirdiyi, bəzi hallarda isə evlərə basqınlar təşkil edərək rəqəmsal pul kisələrini boşaltmağa imkan verən məlumatlara çatdığı qeyd olunub.
ABŞ Dairə Hakimi Colleen Kollar-Kotelly 20 ilədək həbs cəzası ilə üzləşən Lam üçün hələlik məhkəmə iclasının tarixini müəyyən etməyib.
ABŞ prokuroru Jeanine Pirro məsələ ilə bağlı açıqlamasında beynəlxalq cinayət şəbəkəsini idarə edən təqsirləndirilən şəxsin ifşa edildiyini və ədalət qarşısına çıxarıldığını vurğulayıb.


