"Netflix"i aldadan Hollivud rejissoruna həbs cəzası verilib
Ötən il "Netflix" rəqəmsal yayım platformasını 11 milyon dollar aldatmaqda təqsirli bilinən Hollivud rejissoru Karl Erik Rinş iki il yarım müddətinə azadlıqdan məhrum edilib.
AFN.az xəbər verir ki, elmi-fantastika serialını tamamlamaq üçün "Netflix" tərəfindən ona ayrılan vəsaiti lüks avtomobillər, kriptovalyuta və şəxsi xərcləri üçün istifadə etməkdə ittiham olunan 48 yaşlı rejissor federal fırıldaqçılıq və çirkli pulların yuyulması cinayətlərinə görə məhkum edilib.
2013-cü il istehsalı olan "47 Ronin" filmi ilə tanınan Rinş normal şəraitdə 90 ilə qədər həbs cəzası ilə üz-üzə idi, lakin məhkəmənin yüngülləşdirici halları nəzərə alaraq daha az cəza təyin edəcəyi gözlənilirdi.
Nyu-York federal məhkəməsinin hakimi Ced S. Rakoff həbs cəzası ilə yanaşı, Rinşin azadlığa buraxıldıqdan sonra üç il müddətinə məhkəmə nəzarətində saxlanılmasına, 11 milyon dollar təzminat ödənilməsinə və 700 dollar cərimə olunmasına qərar verib.
Qərar elan edilməzdən əvvəl məhkəmədə söz alan Rinş törətdiyi cinayətlərə görə üzr istəyərək məsuliyyəti qəbul etdiyini bildirib. ABŞ prokuroru verilən cəzanın fırıldaqçılığa qarşı çəkindirici bir mesaj xarakteri daşıdığını qeyd edib.
Prokurorluq "Netflix"in Rinşə ilkin olaraq "White Horse" adlandırılan, lakin heç vaxt tamamlanmayan elmi-fantastika serialı üçün təxminən 55 milyon dollar ödədiyini, bu məbləğin 11 milyon dollarının isə rejissor tərəfindən çəkilişləri tamamlamaq bəhanəsi ilə tələb olunduğunu açıqlayıb.
İstintaq məlumatlarına görə, Rinş bu pulu istehsala xərcləmək əvəzinə şəxsi hesabına köçürərək riskli investisiyalara yönəldib və bir neçə ay ərzində pulun yarısını itirib.
Qalan vəsaiti kriptovalyutalara yatıran rejissorun "Rolls-Royce" markalı lüks avtomobillər, "Ferrari", yüz minlərlə dollar dəyərində lüks çarpayılar və dizayner geyimləri satın aldığı müəyyən edilib.
Nyu-Yorkda bir həftə davam edən məhkəmə prosesi zamanı şahid qismində dindirilən "Netflix" rəhbərləri layihə üçün yalnız bir mövsüm üzrə razılaşdıqlarını, lakin Rinşin bunu heç vaxt təhvil vermədiyini qeyd ediblər.
Cinayət işlərində müqəssirlər üçün nadir görünən bir addım ataraq kürsüyə çıxan Rinş isə baş verənlərin sadəcə bir anlaşılmazlıq olduğunu müdafiə edib və pulun pandemiya dövründə prodüser fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə göndərildiyini iddia edib.
"The New York Times" qəzetinin xəbərinə görə, dostları və həmkarları Rinşin "Netflix" ilə müqavilə imzaladıqdan qısa müddət sonra qeyri-sabit davranışlar nümayiş etdirməyə başladığını bildiriblər.
Ətrafındakılar rejissorun ildırım çaxmalarını və vulkan püskürmələrini əvvəlcədən təxmin edə bildiyini önə sürdüyünü və COVID-19-un gizli bir ötürülmə mexanizmini bildiyini iddia etdiyini bildiriblər.


