Netflix-ə qarşı iddia: Uşaqların məlumatları mənfəət məqsədilə toplanır
ABŞ-ın Texas ştatının baş prokuroru Ken Pakston Netflix haqqında uşaqlara məxsus məlumatların icazəsiz toplanması və bu məlumatların kommersiya məqsədilə istifadə edilməsi iddiası ilə məhkəmə iddiası qaldırıb.
AFN.az xəbər verir ki, iddia ərizəsində Netflix-in platformasını istifadəçiləri ekranda daha uzun müddət saxlamaq üçün asılılıq yaradan elementlərlə dizayn etdiyi irəli sürülür.
Baş prokuror Pakston Netflix-in illərdir istehlakçılara məlumat toplamaması və paylaşmaması barədə yanıltıcı açıqlamalar verdiyini, əslində isə geniş miqyaslı davranış nəzarəti proqramı həyata keçirdiyini iddia edib. İddialara görə platforma uşaq profilləri də daxil olmaqla baxış vərdişlərini, cihaz məlumatlarını və digər həssas məlumatları toplayaraq bu informasiyanı məlumat brokerlərinə və reklam texnologiyası şirkətlərinə satır.
Məhkəmə sənədində qeyd olunur ki, Netflix xüsusilə uşaqlar üçün platformanı vazkeçilməz etmək məqsədilə müxtəlif üsullardan istifadə edir. Prokurorluğun iddiasına görə, epizod bitdikdən sonra növbəti bölümü avtomatik başlatan “autoplay” funksiyası da uşaqları daha uzun müddət ekranda saxlamaq və daha çox məlumat toplamaq məqsədilə qəsdən hazırlanıb.
Baş prokuror Ken Pakston bildirib ki, Netflix iddia etdiyi kimi reklamsız və uşaq dostu platforma deyil. Əksinə, Texas ailələrini aldadaraq onların gizli məlumatları üzərindən milyardlarla dollar qazanan bir sistemə çevrilib.
Netflix isə ittihamları rədd edib. Şirkət sözçüsü bildirib ki, iddia əsassızdır və yanlış məlumatlara əsaslanır. Texas ştatı iddianın nəticəsi olaraq Netflix-in qanunsuz topladığı məlumatları məhv etməsini, uşaq profillərində “autoplay” funksiyasının standart olaraq söndürülməsini və hər pozuntu üçün 10 min dollara qədər cərimə ödənilməsini tələb edir.



