Yaponiya fövqəladə vəziyyətdə nüvə silahının ölkəyə gətirilməsinə icazə verə bilər


Yaponiya hökuməti milli təhlükəsizlik strategiyasına fövqəladə vəziyyətlərdə nüvə silahının ölkəyə gətirilməsinə icazə verən istisnanın daxil edilməsini nəzərdən keçirir.

AFN.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, söhbət Yaponiyanın nüvə silahına malik olmamaq, onu istehsal etməmək və ölkəyə gətirməməkdən ibarət üç prinsipinin üçüncüsünə mümkün istisnadan gedir.

Hökumətdə müzakirə olunan variantlardan birinə əsasən, fövqəladə vəziyyət yaranacağı təqdirdə nüvə silahının Yaponiya ərazisinə gətirilməsinə icazə verilməsi strategiyada ayrıca qeyd oluna bilər. Bununla belə, üç nüvə əleyhinə prinsipin özünün dəyişdirilməsi nəzərdə tutulmur.

Yaponiya hökuməti hesab edir ki, belə bir müddəa ABŞ-ın ölkəyə təqdim etdiyi nüvə müdafiə təminatının, yəni “nüvə çətiri”nin effektivliyini artıra bilər. Bu yanaşma 2010-cu ildə xarici işlər naziri Katsuya Okadanın parlamentdə səsləndirdiyi mövqeyə uyğundur. O zaman Okada ölkənin təhlükəsizliyinə təhdid yaranacağı fövqəladə hallarda göyərtəsində nüvə silahı olan ABŞ gəmilərinin Yaponiya ərazisinə buraxılması barədə qərarın həmin dövrdə hakimiyyətdə olan administrasiyalar tərəfindən veriləcəyini bildirmişdi.

Tokio rəsmiləri sonrakı illərdə də bu mövqeyə istinad ediblər. Onun milli təhlükəsizliklə bağlı əsas sənədlərə daxil edilməsi isə hökumətin həmin yanaşmaya daha qəti bağlılığının göstəricisi kimi qiymətləndirilir.

Belə bir qərar qəbul olunarsa, Yaponiya nüvə silahının ölkəyə hansı şərtlərlə buraxılacağını, eləcə də bu barədə qərarların həm Yaponiya, həm də ABŞ tərəfindən hansı prosedurlarla veriləcəyini müəyyənləşdirməli olacaq.

Qeyd edək ki, Yaponiyanın üç nüvə əleyhinə prinsipi qanun statusu daşımır. Onlar əvvəlcə hökumət qərarı, daha sonra isə parlamentin qətnaməsi ilə rəsmiləşdirilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu