Braziliya Trampın gömrük rüsumlarının dayandırılacağına ümid edir
Braziliyada ABŞ Konqresinin yeni tərkibinin Donald Tramp administrasiyasının tətbiq etdiyi gömrük rüsumlarını dayandıracağına ümid edirlər.
AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Braziliya Milli Konqresinin hakim Fəhlə Partiyasından olan deputatı Reymont Otoni bildirib.
Deputatın fikrincə, Demokratlar Partiyasının Konqresin hər iki palatasında nəzarəti ələ alması Vaşinqtonun aqressiv ticarət siyasətinin qarşısını ala bilər. O, Nümayəndələr Palatası və Senatın Tramp administrasiyasının tətbiq etdiyi tarifləri dayandıracağına əminliyini ifadə edib.
Otoni Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın seçkilərdə inamlı qələbəsinin qlobal geosiyasi mənzərəyə ciddi təsir göstərdiyini də bildirib. Onun fikrincə, demokratik normaların və institutların gücləndirilməsi istiqamətində ictimai fəallıq davam edərsə, siyasi və iqtisadi sahədə daha açıq razılaşmalar üçün imkanlar yaranacaq.
Qeyd edək ki, ABŞ-da aralıq seçkilər noyabrın 3-də keçirilib. Səsvermə zamanı Senatın üçdə biri, Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də 36 ştat və ərazinin qubernatorları seçilib.
Seçkilərin nəticələrinə əsasən, hazırkı Konqresin hər iki palatasında respublikaçılar çoxluğa malik olsa da, 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq 120-ci çağırış Konqresdə çoxluq demokratlara keçəcək.

