Demokratların qələbəsi Trampın Arktika siyasətinə hansı təsiri göstərəcək?
ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatının Demokratlar Partiyasının nəzarətinə keçməsi Vaşinqtonun Arktika siyasətində köklü dəyişikliklərə səbəb olmayacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Alyaska-Feyrbanks Universitetinin Arktika Təhlükəsizliyi və Dayanıqlılığı Mərkəzinin direktoru Troy Buffard bildirib.
Ekspertin fikrincə, demokratların Konqresdə mövqelərinin güclənməsi Prezident Donald Trampın Arktika gündəliyinə müəyyən siyasi və institusional məhdudiyyətlər yaradacaq. Bu, əsasən Konqresin nəzarət imkanlarının genişlənməsi, büdcə vəsaitlərinin bölüşdürülməsi və icra hakimiyyətinin qərarlarının daha ciddi yoxlanılması ilə bağlı olacaq.
Bununla belə, Buffard hesab edir ki, siyasi rəhbərlikdəki dəyişiklikləri ABŞ-ın uzunmüddətli milli təhlükəsizlik maraqlarından ayırmaq lazımdır. Onun sözlərinə görə, Arktikanın strateji əhəmiyyəti siyasi mənsubiyyətdən asılı deyil. Ölkənin təhlükəsizliyi, strateji çəkindirmə, dəniz təhlükəsizliyi, Rusiya və Çinlə rəqabət Vaşinqtonun gündəliyində qalacaq.
Ekspert dəyişikliklərin əsasən ABŞ-ın Arktikadakı prioritetlərinin necə həyata keçirilməsi, maliyyələşdirilməsi və əsaslandırılmasında özünü göstərəcəyini düşünür. Demokratların çoxtərəfli əməkdaşlığa, ekoloji məsələlərə, yerli xalqlarla münasibətlərə və Arktikadakı müttəfiqlərlə diplomatik koordinasiyaya daha çox diqqət ayıracağı gözlənilir.
Buffard əlavə edib ki, müşahidə imkanlarına, infrastruktura, buzqıran gəmilərə və döyüş hazırlığına investisiyalar mövcud administrasiyanın səlahiyyət müddətindən daha uzun dövrü əhatə edən ehtiyaclardır.
