UEFA Dünya Kubokunu boykot etsə nə baş verəcək?



UEFA ilə FIFA arasında yaranan gərginlik daha da dərinləşib. Avropa futbolunun idarəedici qurumu FIFA prezidenti Canni İnfantinonun Dünya Kuboku da daxil olmaqla FIFA turnirlərini idarə etmək üçün yaradılmış törəmə şirkətin 20 faizlik payının özəl investorlara satılması planına sərt etiraz edib.

AFN.az xəbər verir ki, məsələ ilə bağlı keçirilən fövqəladə iclasdan sonra UEFA sərt bəyanat yayıb.

UEFA-nın açıqlamasında "UEFA və üzv assosiasiyalar FIFA-nın təşkil etdiyi yarışlarda iştirak etməyəcək" ifadəsi yer alıb.

Mübahisəyə səbəb olan plana əsasən, sözügedən şirkət FIFA tərəfindən idarə olunacaq, lakin onun maliyyələşdirilməsi qismən özəl investorlar, o cümlədən ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşner tərəfindən həyata keçiriləcək.

Baş verən hadisələrdən sonra Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) da 41 üzv assosiasiyası ilə birlikdə bu təklifi rədd etdiyini açıqlayıb.

FIFA-nın təqdim etdiyi maliyyə sazişinin qəbul edilməsi üçün son tarix 19 sentyabr müəyyən olunub.

UEFA boykot qərarını həyata keçirəcəyi təqdirdə sentyabrın 5-də Polşada başlayacaq 20 yaşadək qadınlar arasında Dünya Kuboku və payızda keçiriləcək qadınlar arasında Dünya Kubokunun pley-off oyunları da daxil olmaqla bir sıra turnirlər bundan təsirlənəcək.

UEFA prezidentinin müavini Laura MakAllister bildirib ki, yaranmış vəziyyət FIFA-nın siyasətindən qaynaqlanır. Onun sözlərinə görə, futbolçuların və milli komandaların zərər görməsi istənilməsə də, proses bu mərhələyə gəlib çatıb.

İngiltərə Futbol Assosiasiyasının prezidenti Debbi Hyuitt və FIFA-nın Maliyyə Komitəsinin sədri Mayk Mulrani də daxil olmaqla bir sıra rəsmilər İnfantinonu qərarların qəbulunda kifayət qədər məsləhətləşmələr aparmamaqda və dialoqu zəif qurmaqda tənqid ediblər.

2016-cı ildən FIFA-ya rəhbərlik edən 56 yaşlı Canni İnfantinonun gələn ilin martında dördüncü müddətə yenidən namizəd olacağı gözlənilir. Lakin UEFA və CONCACAF-da baş verən son hadisələrdən sonra ona alternativ namizəd axtarışları başlanıb.

Namizədlər arasında "Paris Sen-Jermen" klubunun prezidenti və Avropa Futbol Klubları Birliyinin lideri Nasser Əl-Xəlifinin adı hallansa da, ona yaxın mənbələr bu vəzifəyə namizəd olmayacağını bildiriblər.

İngiltərə Futbol Assosiasiyasının keçmiş prezidenti Devid Bernstayn hesab edir ki, adi bir təşkilatda belə böhrandan sonra rəhbər istefa verə bilərdi. Lakin FIFA-da yekun qərarın milli federasiyaların dəstəyindən asılı olduğunu vurğulayıb.

UEFA-nın keçmiş baş icraçı direktoru Lars-Krister Olsson isə İnfantinonun səlahiyyət həddini aşdığını və bu böhranın dünya futbolunun idarəçiliyində yeni başlanğıca çevrilməli olduğunu bildirib.

FIFA rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Ekspertlərin fikrincə UEFA-nın FIFA-dan tam ayrılması nəzəri baxımdan mümkün olsa da, bunun hər iki tərəf üçün ciddi nəticələri olacaq.

İqtisadi baxımdan Avropa komandalarının iştirak etmədiyi Dünya Kubokunun kommersiya dəyəri kəskin şəkildə azalacaq və FIFA-nın federasiyalara vəd etdiyi 40 milyard dollarlıq gəlir hədəfinə çatması mümkün görünmür.

Analitiklər hesab edirlər ki, 19 sentyabra qədər davam edəcək danışıqlar dövründə ən real ssenari FIFA-nın layihəni geri götürməsi və ya ona ciddi dəyişikliklər etməsidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu