Alim deputatın “az da olsa” təklifinə etiraz etdi


Alim Zaur Əliyev Milli Məclisdə deputat Ceyhun Məmmədovun alim və müəllimlərin əməkhaqlarının “az da olsa” artırılması ilə bağlı təklifinə etiraz edib.

AFN.az xəbər verir ki, alim sosial şəbəkə hesabında paylaşdığı statusda deputatın işlətdiyi ifadənin elm və təhsil işçilərinin əməyinə münasibət baxımından qəbuledilməz olduğunu bildirib.

Xatırladaq ki, Ceyhun Məmmədov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında çalışan alimlərin maaşlarının az da olsa artırılması məsələsinə baxılmasını təklif edib.

Zaur Əliyev isə deputatın “az da olsa” ifadəsinə etiraz edərək bildirib ki, alim və müəllimlərin əməyinə verilən dəyər cüzi artımlarla deyil, onların statusuna və yaşayış standartlarına uyğun əməkhaqqı ilə ölçülməlidir.

Alim vurğulayıb ki, müəllim və alimlərə güzəşt və ya kiçik dəstək kimi yanaşmaq, onların maaş artımını minnət şəklində təqdim etmək düzgün deyil. Onun fikrincə, elm və təhsil işçiləri gördükləri işə və daşıdıqları məsuliyyətə uyğun əməkhaqqı almalıdırlar.

Zaur Əliyev statusunda hakimiyyətdə təmsil olunan şəxslərin ailə üzvləri və yaxın çevrəsində akademik, professor adları daşıyan insanların olduğunu xatırladaraq, elmi adlara görə dövlət büdcəsindən ödənilən vəsaitlərlə yanaşı, sıravi alim və müəllimlərin sosial vəziyyətinə də diqqət yetirilməsinin vacibliyini qeyd edib.

O bildirib ki, dövlətin inkişafı elm və təhsildən asılıdır, ölkənin intellektual potensialını isə məhz aşağı əməkhaqqına baxmayaraq, həyatını və gəncliyini bu sahələrə həsr edən alimlər və müəllimlər formalaşdırırlar.

Alim deputata müraciətində müəllim və alimlərin cəmiyyətin gələcəyinin qurulmasındakı rolunu bağbanın ağaca qulluq etməsi ilə müqayisə edib. Onun sözlərinə görə, bağban ağaca “az da olsa” su verərsə, ağac yalnız qurumamaq üçün yaşayar, lakin bar verməz. Müəllim və alimlərə də bu cür yanaşma ilə yalnız mövcud vəziyyəti qorumaq olar, inkişafı təmin etmək mümkün deyil.

“Böyük gələcək kiçik rəqəmlərlə və cüzi təsəllilərlə qurulmur!” - deyə Zaur Əliyev fikirlərini yekunlaşdırıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu