Vens: Tramp İranla müharibəni sonsuzadək uzatmayacaq


ABŞ-ın vitse-prezidenti JD Vens Prezident Donald Trampın İranla müharibəni başa çatdırmaq istədiyini bildirib.

AFN.az xəbər verir ki, Vens Trampın bu münaqişənin sonsuz müharibəyə çevrilməsinə imkan verməyəcəyini deyib.

Vens Fox News telekanalına müsahibəsində gündəmdəki məsələlərlə bağlı fikirlərini bölüşüb.

İran məsələsində Trampla aralarında heç bir fikir ayrılığının olmadığını söyləyən Vens bildirib ki, Trampın hansı qərarı verməsindən asılı olmayaraq, müharibənin daha da genişlənməsini və müddətsiz davam etməsini istəyən insanlar olacaq.

Vens Trampın müharibəni başa çatdırmaqda qətiyyətli olduğunu vurğulayaraq, onun bu münaqişənin sonsuz müharibəyə çevrilməsinə imkan verməyəcəyini deyib.

İranla müharibənin 10-15 il deyil, hətta iki ildən də çox davam etməyəcəyini bildirən Vens, bölgədə sonsuza qədər qalmayacaqları ilə bağlı verdikləri sözü yerinə yetirəcəklərini söyləyib. O, Trampın bu müharibəni ABŞ xalqı üçün möhtəşəm nəticə ilə başa çatdıracağını iddia edib.

Vens İranla müharibənin siyasi nəticələrinin olduğunu da qeyd edib. Onun sözlərinə görə, yanacağın qiymətinin artması kimi təsirlər noyabrın 3-də keçirilən aralıq seçkilərin nəticələrində də özünü göstərib.

Vitse-prezident Çinlə münasibətlər barədə danışarkən ABŞ-ın yerli istehsala diqqət yetirməli və Çinin nəzarətində olan tədarük zəncirlərindən asılılığını azaltmalı olduğunu bildirib.

Çinə qarşı sərt mövqe nümayiş etdirməyin yolunun hərbi güc göstərmək və müharibəyə başlamaq deyil, ABŞ-ın yenidən sənayeləşməsi olduğunu deyən Vens, uzun illər ərzində ölkənin iqtisadi və sənaye siyasətinin Çinin ABŞ-a qarşı güclənməsinə şərait yaratdığını iddia edib.

Vens Trampın Çin strategiyasının diplomatik təmasları yerli istehsalın genişləndirilməsi və ABŞ-ın iqtisadi müstəqilliyinin gücləndirilməsi ilə birləşdirdiyini bildirib. O, ABŞ prezidentinin bu siyasətinin təşəbbüsü ələ almalarına imkan yaratdığını və uğurlu olduğunu müdafiə edib.

Vens ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) noyabrın 13-də ölkə üzrə uçuşların dayandırılmasına səbəb olan problemin köhnəlmiş aviasiya rabitə sistemindəki zəiflikləri üzə çıxardığını söyləyib.

50 illik texnologiyanın yaratdığı çətinliklərlə üzləşdiklərini bildirən Vens, rəsmilərin uzun müddətdir sistemin işlək vəziyyətdə qalması üçün müvəqqəti həll yollarına əl atdıqlarını qeyd edib. O, problemin baha başa gələn məsələ olmadığını, lakin bu infrastrukturu yenidən qurmaq üçün investisiya yatırılmalı olduğunu vurğulayıb.

İnfrastrukturun indiyədək niyə yenilənmədiyi barədə suala cavab verən Vens mövcud problemləri həll etməyə çalışdıqlarını, lakin genişmiqyaslı yenilənmə işləri üçün Konqresin lazımi maliyyə vəsaitini ayırmalı olduğunu bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu