Vensdən Avropaya çağırış: Trampın sözlərini ciddi qəbul edin
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Prezident Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarının Avropa tərəfindən ciddi qəbul edilməli olduğunu bildirərək “Avropalı dostlarımızdan xahişimiz bu torpaq sahəsinin təhlükəsizliyinə daha ciddi yanaşmalarıdır. Əks halda ABŞ bu məsələdə müəyyən addımlar atmaq məcburiyyətində qalacaq” deyib.
ABŞ-ın vitse-prezidenti Vens Ağ Evdə keçirdiyi brifinqdə jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
Vens ABŞ-ın Qrenlandiya ilə bağlı siyasətinin necə olacağı barədə suala cavab verərkən Trampın bu mövzudakı açıqlamalarına istinad edib.
“Avropalı liderlərə tövsiyəm odur ki, bu məsələdə ABŞ prezidentini ciddi qəbul etsinlər. Avropalı dostlarımızdan gözləntimiz bu torpaq sahəsinin təhlükəsizliyinə daha ciddi yanaşmalarıdır, çünki əks halda ABŞ bu istiqamətdə addım atmalı olacaq”, – deyə Vens bildirib və burada həm ABŞ-ın, həm də Avropanın milli təhlükəsizliyinin söz mövzusu olduğunu vurğulayıb.
Vens Trampın Qrenlandiya ilə bağlı fikirlərinə toxunaraq, “Qrenlandiyanın həm Amerikanın, həm də ümumilikdə dünyanın raketdən müdafiə sistemi baxımından çox mühüm əhəmiyyət daşıdığını” qeyd edib.
Ad çəkmədən Çin və Rusiyanın bölgədəki fəaliyyətlərinə də diqqət çəkən Vens “Bu ərazidə dünyanın bu hissəsinə böyük maraq göstərən düşmən mövqeli rəqiblərin olduğunu bilirik”, – deyə əlavə edib.
ABŞ-ın əsas prioritetinin diplomatiya olduğunu bildirən Vens bununla yanaşı zərurət yaranacağı təqdirdə digər tədbirlərin də görülə biləcəyini söyləyib.
