ABŞ respublikaçıları 2027-ci il üçün 1,1 trilyon dollarlıq müdafiə büdcəsi təklif edib



ABŞ Senatındakı respublikaçılar 2027-ci maliyyə ili üçün təxminən 1,1 trilyon dollarlıq müdafiə xərclərini nəzərdə tutan maliyyələşdirmə qanun layihəsi təqdim ediblər. 

AFN.az xəbər verir ki, “The Hill” qəzetinin məlumatına görə, Senatın Təxsisatlar Komitəsindəki respublikaçılar tərəfindən hazırlanan layihə on milyardlarla dollarlıq maliyyə vəsaitini əhatə edir.

Müdafiə layihəsində sursat tədarükünün və Pentaqon üzrə layihələrin sürətləndirilməsi üçün 47,2 milyard dollar, ABŞ Prezidenti Donald Trampın prioritetləri sırasında yer alan Qızıl Günbəz hava və raketdən müdafiə sistemi də daxil olmaqla, müdafiə imkanlarının inkişafı üçün isə 35,6 milyard dollar ayrılması nəzərdə tutulur.

Hərbi tikinti xərclərini əhatə etməyən layihəyə əsasən, hava vasitələrinin tədarükü, modernləşdirilməsi və istismarı üçün 11,1 milyard dollar, pilotsuz uçuş aparatları (PUA) və PUA-lara qarşı sistemlərin tədqiqatı, hazırlanması və tədarükü üçün 6,2 milyard dollar, gəmilərin inşası üçün isə 42 milyard dollar ayrılacaq.

Layihədə silah sistemlərinin tədarükü üçün 285 milyard dollardan çox, hərbi platformaların tədqiqatı, hazırlanması və sınaq fəaliyyətləri üçün isə 203 milyard dollar vəsait nəzərdə tutulur.

Qanun layihəsində Ukrayna və Tayvana təhlükəsizlik dəstəyi də yer alır. ABŞ-ın təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarını gücləndirmək məqsədilə 5,4 milyard dollar ayrılması planlaşdırılır.

Bu çərçivədə Filippin və Tayvanla tərəfdaşlığı gücləndirməyə yönəlmiş Birinci Ada Zənciri Təhlükəsizlik Əməkdaşlığı Təşəbbüsünə təxminən 1 milyard dollar, Ukraynaya Təhlükəsizlik Dəstəyi Təşəbbüsünə 750 milyon dollar, Baltikyanı Təhlükəsizlik Təşəbbüsünə isə təxminən 175 milyon dollar ayrılması nəzərdə tutulur.

İordaniya və Bəhreynlə həyata keçirilən təhlükəsizlik əməkdaşlığı proqramlarına ayrılan vəsaitin də artırılması planlaşdırılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu