Bosniya və Herseqovinanın yeni rəhbərliyi işə başlayıb
Bosniya və Herseqovina Rəyasət Heyətinin yeni üzvləri Denis Beçiroviç, Jelyka Tsivyanoviç və Dariyana Filipoviç and içərək rəsmi olaraq vəzifələrinin icrasına başlayıblar.
AFN.az xəbər verir ki, paytaxt Sarayevoda Rəyasət Heyətinin binasında keçirilən təsis iclasında Mərkəzi Seçki Komissiyasının (CIK) sədri Yovan Kalaba yeni üzvlərə vəzifə sənədlərini təqdim edib. Daha sonra üzvlər and içərək and sənədini imzalayıblar.
Oktyabrın 4-də ölkədə keçirilən ümumi seçkilərdə dörd il müddətinə seçilən üzvlər 2026-2030-cu illərdə fəaliyyət göstərəcəklər. Rəyasət Heyətinin boşnak üzvü Denis Beçiroviç, serb üzvü Jelyka Tsivyanoviç, xorvat üzvü isə Dariyana Filipoviç seçilib.
Rəyasət Heyətinin boşnak üzvü Beçiroviç çıxışında daha bir müddət vəzifədə qalmaqdan şərəf duyduğunu bildirib. O, Bosniya və Herseqovinada yaşayan hər bir insanın hüquqlarını, azadlığını və ləyaqətini müdafiə edəcəyini vurğulayaraq, vizyonunun iqtisadi cəhətdən güclü, texnoloji baxımdan inkişaf etmiş, sosial baxımdan ədalətli, Avropa İttifaqı və NATO ilə tam inteqrasiya olunmuş Bosniya və Herseqovina olduğunu qeyd edib.
Serb üzv Tsivyanoviç isə Rəyasət Heyətinin üzvləri arasında sədrliyin növbəli şəkildə həyata keçirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.
Ölkənin iki entitetindən biri olan Serb Respublikasının (RS) əhalisinin ona ikinci dəfə etimad göstərdiyini bildirən Tsivyanoviç qarşıdakı dörd il ərzində RS əhalisinin maraqlarını təmsil etməyə davam edəcəyini deyib. O, bu etimadı Deyton Sülh Sazişinə, Bosniya və Herseqovina Konstitusiyasına və RS Konstitusiyasına hörmətə əsaslanan siyasətin təsdiqi kimi qiymətləndirdiyini bildirib.
Xorvat üzv Filipoviç isə vəzifəyə başlamasının onu seçənlər və təmsil etdiyi qurumlar qarşısında məsuliyyət daşımaq anlamına gəldiyini söyləyib.
Filipoviç seçki qələbəsinin səslərin hesablandığı gün başa çatdığını, məsuliyyətin isə bu gündən başladığını qeyd edib. O, Rəyasət Heyətinə xorvat üzv kimi gəldiyini və bunu qürurla vurğuladığını bildirərək, bərabərliyini başqasının bərabərsizliyi üzərində qurmaq istəmədiklərini deyib.
Filipoviç ilk dəfə Rəyasət Heyətində təmsil olunur, Beçiroviç və Tsivyanoviç isə ardıcıl ikinci müddətlərinə başlayıblar.
Dörd il müddətinə seçilən Rəyasət Heyətinin üzvləri səkkiz ay müddətinə növbəli şəkildə quruma sədrlik edirlər.





