Məşhur saytlara kriptovalyuta və kart məlumatlarını oğurlayan kod yerləşdirilib
Kibertəhlükəsizlik tədqiqatçıları hakerlərin kriptovalyuta və kredit kartı məlumatlarını oğurlamaq məqsədilə dünyanın ən çox ziyarət edilən internet saytlarından bəzilərinə müdaxilə etdiyini bildiriblər.
AFN.az xəbər verir ki, hücum nəticəsində müxtəlif sahələrdə fəaliyyət göstərən 178 şirkətin internet resursuna zərərli kod yerləşdirilib.
Təhlükəsizlik üzrə tədqiqatçı Skott Helme açıqlamasında jаvascript dilində yazılmış zərərli kodun kriptoaktivləri və bank kartı məlumatlarını oğurlamaqla yanaşı, cihazlara virus yükləmək üçün də istifadə edildiyini bildirib.
Helme qeyd edib ki, sözügedən kod rəqəmsal optimallaşdırma platforması Optimizely vasitəsilə müxtəlif sektorlarda fəaliyyət göstərən 178 şirkətin internet saytına yerləşdirilib.
Hücumdan zərər çəkən təşkilatlar arasında IKEA, Salesforce, Equifax, BBC və CNN ilə yanaşı, Zoom, GitLab, HSBC, Air France-KLM, Ledger və Peacock kimi tanınmış platformalar da var.
HudsonRock kibertəhlükəsizlik şirkəti də bu üsulla zərərli kodun yayıldığını təsdiqləyib. Bununla belə, hücumdan neçə istifadəçinin təsirləndiyi hələlik məlum deyil.
Çoxməqsədli şəkildə hazırlanmış zərərli proqramın istifadəçilərin kriptovalyuta pul kisələrinin ünvanlarını hücumçuların ünvanları ilə əvəz etdiyi, bank kartı məlumatlarını köçürdüyü, brauzer kukilərini və ekran görüntülərini oğurladığı müəyyən edilib.
Həmçinin proqramın Apple şirkətinin iPhone və iPad cihazlarına Coruna və DarkSword adlı iOS istismar dəstlərini göndərdiyi aşkarlanıb. Hücumçuların hesablarına həyata keçirilən təsdiqlənmiş köçürmələr kriptovalyuta oğurluğunun artıq baş verdiyini üzə çıxarıb.
Optimizely infrastrukturundan istifadə edən müştəri layihələrinin idarəetmə panelindəki xüsusi kod sahəsinə (Project jаvascript) yerləşdirilən zərərli proqramın faylın qalan hissəsinə toxunulmadığı üçün aşkar edilmədiyi bildirilir. Kod Optimizely-nin etibarlı domeni və sertifikatı vasitəsilə təqdim olunduğundan hədəf saytların təhlükəsizlik divarlarını keçə bilib.
Ekspertlər hücumçuların bir-birindən asılı olmayan çoxsaylı müştəri layihələrinə necə giriş əldə etdiyinin Optimizely tərəfindən açıqlanmasının vacibliyini vurğulayıblar.


