ABŞ kəşfiyyatı: İranın Vaşinqtonda çirkli bomba hücumu planlaşdırdığı iddia olunur



ABŞ kəşfiyyatının məlumatına görə, İran Vaşinqtonda Tramp administrasiyasının yüksək vəzifəli rəsmilərini çirkli bomba və ya kimyəvi silahla hədəfə ala biləcək planlar hazırlayır. 

AFN.az xəbər verir ki, rəsmilər hazırda yaxın zamanda hücum təhlükəsinin olmadığını bildiriblər, Ağ Ev isə ABŞ-yə qarşı etibarlı təhdidin mövcud olmadığını açıqlayıb.

CNN-in məlumatına görə, ABŞ kəşfiyyatı İranın Vaşinqtonda Tramp administrasiyasının yüksək vəzifəli rəsmilərini hədəfə ala biləcək hücum üzərində işlədiyinə dair yeni məlumatlar əldə edib.

Planların radioaktiv maddələrin adi partlayıcı vasitə ilə ətrafa yayılmasını təmin edən çirkli bomba və ya kimyəvi silahdan istifadəni nəzərdə tuta biləcəyi bildirilir. ABŞ rəsmiləri kəşfiyyat məlumatlarının mümkün hədəfləri və hücum nöqtələrini də əhatə etdiyini deyiblər.

Lakin rəsmilər İranın bu hücumu həyata keçirmək barədə qəti qərar verdiyinə və ya yaxın zamanda hərəkətə keçəcəyinə dair sübutun olmadığını vurğulayıblar. Kəşfiyyat mənbələrinin fikrincə, Tehran hazırda hücum variantlarını nəzərdən keçirir.

Ağ Evin sözçüsü Loren Bis isə mümkün təhdidlərin izlənildiyini bildirərək, hazırda ABŞ ərazisinə qarşı etibarlı təhdidin olmadığını deyib.

Çirkli bomba radioaktiv maddələrin adi partlayıcı ilə birləşdirilməsi nəticəsində hazırlanan silah növüdür. Nüvə bombalarından fərqli olaraq, bu silah atom nüvəsinin parçalanmasına əsaslanan partlayış yaratmır.

Belə hücum zamanı əsas insan tələfatının partlayışın özündən qaynaqlanacağı gözlənilir. Bununla belə, partlayış nəticəsində ətrafa yayılan radioaktiv maddələr geniş ərazilərin çirklənməsinə və insanların radiasiyaya məruz qalmasına səbəb ola bilər.

ABŞ rəsmiləri belə bombanın hazırlanmasının nisbətən asan olduğunu, lakin bunun üçün zəruri radioaktiv maddələrin əldə edilməsinin daha çətin olduğunu bildirirlər.

ABŞ kəşfiyyatının İran mənşəli bəzi söhbətlərdə ölkə daxilində bomba hazırlanmasında istifadə oluna biləcək materialların gizlədildiyinə dair ifadələr müəyyən etdiyi iddia olunur.

Lakin ABŞ rəsmiləri arasında bu məlumatların nə dərəcədə etibarlı olması ilə bağlı fikir ayrılığı var. Bəzi təhlükəsizlik rəsmiləri radioaktiv maddələrin və ya kimyəvi vasitələrin illər əvvəl ölkəyə gətirilmiş ola biləcəyini ehtimal edirlər.

Mənbələr İranın ABŞ-də yaşayan bir şəxsi hücumu həyata keçirməyə razı salmasının da mümkün ssenarilər sırasında olduğunu bildirirlər.

Kəşfiyyat məlumatlarından sonra ABŞ rəsmilərinin son bir həftə ərzində mümkün hücumlara qarşı görülə biləcək tədbirləri qiymətləndirmək üçün bir neçə toplantı keçirdiyi bildirilir.

Digər tərəfdən, ABŞ Yaxın Şərqdə xidmət edən hərbçilərinə qarşı mümkün kimyəvi silah hücumu ehtimalını da yaxından izləyir. İki amerikalı rəsmi hərbçilərin belə hücumlardan qorunmaq üçün kifayət qədər mühafizə vasitələrinə və hazırlığa malik olmaya biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəliyi isə kimyəvi silahdan istifadə ilə bağlı iddiaları rədd edib. Açıqlamada İranın kimyəvi silahdan istifadəni bütün hallarda qeyri-legitim hesab etdiyi və ona qarşı irəli sürülən ittihamların əsassız olduğu bildirilib.

Mümkün hücum planları ilə bağlı iddialar ABŞ və İran arasında Hörmüz boğazı və davam edən hərbi toqquşmalar səbəbindən gərginliyin yüksək olduğu bir vaxta təsadüf edib.

İki ölkə arasında toqquşmalara son qoymaq, ABŞ-nin dəniz blokadasını aradan qaldırmaq və Hörmüz boğazını yenidən açmaq məqsədilə aparılan diplomatik danışıqlardan hələlik nəticə əldə olunmayıb.

ABŞ rəsmiləri İranın belə bir hücuma əl atacağı təqdirdə ağır cavabla üzləşə biləcəyini bildiklərini deyirlər. Bununla belə, Tehran rəhbərliyinin rejimin mövcudluğunu təhlükə altında gördüyü halda bu riski gözə ala biləcəyi ehtimal edilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu