Beş Avropa ölkəsi miqrantlar üçün Ruandada mərkəz açır



Almaniya, Danimarka, Avstriya, Yunanıstan və Niderland ölkələrində qalmaq hüququ olmayan miqrantların deportasiyası məqsədilə Ruandada mərkəz açacaq. 

AFN.az xəbər verir ki, 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılan mərkəzdə ilk mərhələdə yalnız subay kişi miqrantlar qəbul ediləcək.

Avropa İttifaqının (Aİ) üzvü olan beş ölkə qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində Ruandada deportasiya mərkəzləri yaratmaq barədə razılığa gəlib.

Almaniya, Danimarka, Avstriya, Yunanıstan və Niderlandın birgə təşəbbüsü ilə həyata keçiriləcək layihənin 2027-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur. Niderland və Danimarka hökumətlərinin açıqlamalarına görə, mərkəzlərdə həmin ölkələrdə qalmaq hüququ başa çatmış və deportasiya edilməsi barədə qərar verilmiş miqrantlar yerləşdiriləcək.

Bu tədbir ölkələrdə qanuni əsaslarla qalmaq hüququ əldə etmək üçün müraciət proseslərini başa çatdırmış şəxsləri əhatə edəcək. Xüsusilə öz ölkələrinə geri göndərilməsi mümkün olmayan miqrantlar üçün Ruanda alternativ məkan olacaq.

BBC-nin məlumatına görə, layihənin ilkin mərhələdə pilot proqram kimi həyata keçirilməsi və təxminən 100 miqrantı əhatə etməsi gözlənilir. Beş ölkənin hər birinin Ruandaya təxminən 20 nəfər göndərməsi planlaşdırılır.

Niderland hökuməti bildirib ki, tətbiqin ilk mərhələsində yalnız subay kişi miqrantlar göndəriləcək. Valideynsiz və müşayiət olunmayan uşaqlar isə mərkəzlərə yerləşdirilməyəcək.

Ruandaya göndərilən miqrantlar bu ölkədə yaşamağı seçə biləcəklər. Onlara yaşayış hüququ ilə yanaşı, təhsil, səhiyyə xidmətləri, əmək bazarı və hüquq sisteminə çıxış imkanı yaradılacaq. İstəyənlər isə öz ölkələrinə qayıda biləcəklər.

Beş ölkə planın Avropa İttifaqı və beynəlxalq hüquq normalarına uyğun olduğunu müdafiə edir. Bununla belə, insan hüquqları təşkilatları bu tətbiqin miqrantların fundamental hüquqlarını poza biləcəyi barədə xəbərdarlıq edirlər.

Human Rights Watch təşkilatı Ruandada müxalifət nümayəndələrinə qarşı təzyiqlər, özbaşına həbslər və pis rəftarla bağlı iddialara diqqət çəkib. Təşkilat miqrantların bu ölkəyə göndərilməsinin insan hüquqları baxımından ciddi risklər yaratdığını bildirib.

İspaniyanın Baş naziri Pedro Sançes də planı tənqid edərək, Ruandada mərkəz yaradılmasının gələcəyi və humanitar tərəfinin olmadığını deyib.

Ruanda planı Böyük Britaniyanın daha əvvəl gündəmə gətirdiyi, lakin həyata keçirə bilmədiyi miqrantların bu ölkəyə göndərilməsi ilə bağlı razılaşmanı da yenidən müzakirəyə çıxarıb.

Böyük Britaniyanın əvvəlki hökuməti sığınacaq müraciətlərinin Ruandada qiymətləndirilməsini nəzərdə tutan razılaşma əldə etmişdi. Lakin hüquqi etirazlar səbəbindən bu plan reallaşmamış, 2024-cü ildə hakimiyyətə gələn Leyboristlər Partiyasının hökuməti isə razılaşmanı ləğv etmişdi.

Böyük Britaniya Baş nazirinin ofisi Avropanın yeni təşəbbüsünə qoşulmaq ehtimalını tamamilə istisna etməsə də, prosesləri maraqla izləyəcəklərini açıqlayıb.

Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin məlumatına görə, 2026-cı ilin ilk 10 ayında Avropa İttifaqının sərhədlərində təxminən 110 min qeyri-qanuni keçid qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz azdır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu