Ai-nin 2 trilyon avroluq büdcəsinə 6 ölkədən etiraz



Almaniya, Niderland, Avstriya, Danimarka, İsveç və Finlandiya 2028-2034-cü illər üçün təklif olunan təxminən 2 trilyon avroluq Avropa İttifaqı büdcəsinin yüz milyardlarla avro azaldılmasını istəyib.

AFN.az xəbər verir ki, Almaniyanın da daxil olduğu 6 Avropa İttifaqı (Aİ) ölkəsinin liderləri 2028-2034-cü illər üçün təklif olunan büdcənin yüz milyardlarla avro azaldılmasını tələb edib.

Politico internet saytının xəbərinə görə, Almaniya, Niderland, Avstriya, Danimarka, İsveç və Finlandiya liderləri Aİ-nin dövrü sədrliyini həyata keçirən İrlandiyaya yeni büdcə layihəsində bir neçə yüz milyard avro məbləğində ixtisara gedilməsi çağırışı ilə məktub göndərib.

Liderlər ölkələrinin Aİ büdcəsinin təxminən 40 faizini qarşıladığını bildirərək, büdcənin əvvəlki dövrlə müqayisədə 60 faiz artırılmasını reallığa uyğun olmayan yanaşma kimi qiymətləndirib.

Büdcə üçün yeni gəlir mənbələri yaradılması halında belə maliyyə yükünün Avropa vətəndaşlarının üzərinə düşəcəyinə diqqət çəkən liderlər büdcə təklifinin azaldılmasını istəyib.

Aİ Komissiyası kənd təsərrüfatı, müdafiə, infrastruktur və regional inkişaf kimi sahələr üzrə xərcləri müəyyənləşdirəcək 2028-2034-cü illər büdcəsi üçün təxminən 2 trilyon avroluq təklif təqdim edib.

Dövrü sədrliyi həyata keçirən İrlandiyanın yenilənmiş büdcə rəqəmlərinin yer aldığı danışıqlar layihəsini təqdim etməsi gözlənilir.

Aİ liderlərinin məsələni oktyabrın 15-16-da Brüsseldə keçiriləcək sammitdə müzakirə etməsi planlaşdırılır.

Aİ büdcəsi qaydalara əsasən xərclərin yuxarı hədlərinin müəyyənləşdirildiyi 7 illik dövrlər üçün hazırlanır.

Aİ ölkələrinin nümayəndələri son dövrdə 2028-2034-cü illəri əhatə edəcək yeni Çoxillik Maliyyə Çərçivəsi üzrə işlərə və danışıqlara diqqəti artırıb.

Yeni büdcənin 1 yanvar 2028-ci ildə qüvvəyə minməsi üçün siyasi razılaşmanın əldə olunması tələb olunur.

Uzunmüddətli Aİ büdcəsi ilə bağlı qərar Avropa Parlamentinin təsdiqi və üzv ölkələrin Aİ Şurasında yekdilliklə səs verməsi ilə qəbul edilir.

Uzunmüddətli Aİ büdcəsi üzv ölkələrin gələcək büdcəyə hansı nisbətdə töhfə verəcəyi və büdcənin hansı sahələrə yönəldiləcəyi kimi məsələlərdə ciddi müzakirələrə səbəb olur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu