Avropa Parlamentindən çağırış: Dondurulmuş Rusiya aktivləri Ukraynaya verilsin
Avropa Parlamentində müxtəlif siyasi qrupları təmsil edən 120-dən çox deputat Avropa İttifaqını dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadəsi ilə bağlı müzakirələri yenidən başlatmağa çağırıb.
AFN.az xəbər verir ki, deputatlar bu tələblərini Aİ-nin əsas rəhbər şəxslərinə ünvanladıqları məktubda ifadə ediblər.
Məktub Aİ Şurasının hazırkı sədri, İrlandiyanın Baş naziri Mişel Martin, Avropa Şurasının Prezidenti Antonio Koştaya, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının iqtisadi məsələlər üzrə üzvü Valdis Dombrovskisə göndərilib.
Sənədi Avropa Xalq Partiyası, “Renew Europe”, Sosialistlər və Demokratlar, Yaşıllar, Avropa Mühafizəkarları və İslahatçıları, eləcə də Sol qrupdan olan 120-dən çox deputat imzalayıb.
Deputatlar İsveç, Polşa, Niderland və İspaniyanın dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadəsi ilə bağlı siyasi müzakirələrin yenidən başladılması təşəbbüsünü alqışlayıblar.
Məktubda Rusiyanın Ukraynaya qarşı hücumlarını intensivləşdirdiyi vurğulanaraq, Avropanın Kiyevə proqnozlaşdırıla bilən və davamlı maliyyə dəstəyi göstərməli, eyni zamanda Moskva üzərində iqtisadi təzyiqi gücləndirməli olduğu bildirilib.
Deputatların fikrincə, Aİ-nin 2026-2027-ci illər üçün Ukraynaya ayırdığı 90 milyard avroluq kredit təkbaşına kifayət deyil. Məktubda Rusiyanın Ukraynada yaratdığı zərərin ümumi dəyərinin 600 milyard avronu keçdiyi qeyd olunub.
Deputatlar Aİ-də 200 milyard avrodan çox Rusiya aktivinin dondurulduğunu xatırladaraq, bu vəsaitlərin Ukraynaya dəstək üçün istifadə imkanlarının yenidən müzakirəyə çıxarılmasını istəyiblər.
Məktubda Aİ liderlərinin 2025-ci ilin dekabrında dondurulmuş aktivlərin Ukrayna üçün istifadəsi ilə bağlı razılığa gələ bilməməsindən təəssüf ifadə olunub. Aİ Şurasına məsələyə dair siyasi müzakirələri təcili şəkildə bərpa etmək çağırışı edilib.
Avropa Komissiyasından isə ötən il razılaşmanın əldə olunmasına mane olan problemləri aradan qaldıracaq yeni təklif hazırlaması tələb olunub. Deputatlar Rusiya aktivlərinə əsaslanan kompensasiya krediti variantının da yenidən nəzərdən keçirilməsini təklif ediblər.
Sənəddə mümkün həll mexanizminin hüquqi və maliyyə risklərinin bütün Aİ üzvləri arasında ədalətli bölüşdürülməsinə xidmət etməli olduğu bildirilib. Heç bir üzv dövlətin üzərinə digər ölkələrlə müqayisədə qeyri-mütənasib yük düşməməsi də tələb kimi irəli sürülüb.
Deputatlar dondurulmuş Rusiya hesablarının yeni Aİ mexanizminə köçürülməsini təklif ediblər. Bu qurumun aktivlərə nəzarət edən tərəf kimi fəaliyyət göstərməsi və Rusiya Mərkəzi Bankı qarşısında hüquqi öhdəlikləri öz üzərinə götürməsi nəzərdə tutulur.
Məktubda belə bir qərarın Aİ müqavilələri çərçivəsində qəbul edilə biləcəyi müdafiə olunur. Deputatlar Rusiyanın başladığı müharibənin maliyyə nəticələrini öz üzərinə götürməli olduğunu bildirərək, dondurulmuş aktivlərin Ukraynanın xeyrinə istifadəsinin həm Kiyevə əlavə dəstək verəcəyini, həm də Moskva üzərində iqtisadi təzyiqi artıracağını vurğulayıblar.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin 2022-ci ilin fevralında başlamasından sonra tətbiq edilən sanksiyalar çərçivəsində Rusiya Mərkəzi Bankına məxsus təxminən 210 milyard avro dəyərində aktiv Aİ ölkələrində dondurulub.
Bu vəsaitin təxminən 185 milyard avroluq hissəsi Brüsseldə yerləşən qiymətli kağızların klirinq və saxlanması üzrə “Euroclear” qurumunda saxlanılır.
Avropa Komissiyası ötən il dondurulmuş Rusiya aktivlərindən əldə edilən vəsaitin Ukraynaya veriləcək kreditin maliyyələşdirilməsində istifadə olunmasını təklif etmişdi.
Belçika isə Rusiyanın mümkün məhkəmə iddiaları və təzminat tələblərindən yaranacaq risklərin bölüşdürülməsi ilə bağlı təklifdə kifayət qədər təminat olmadığını əsas gətirərək plana qarşı çıxmışdı.
Belçikanın narahatlıqlarının aradan qaldırılmamasından sonra Aİ ölkələri Ukraynaya birgə borclanma yolu ilə 90 milyard avro həcmində maliyyə vəsaiti ayrılması barədə qərar qəbul etmişdi.

