Avropa Parlamenti Rusiyanın aktivləri ilə Ukraynaya 35 milyard avro kredit verilməsini təsdiqləyib


Avropa Parlamenti (AP) Avropa İttifaqının (Aİ) Ukraynaya 35 milyard avro borc verməsi və ödənişlərin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına həyata keçirilməsi ilə razılaşıb.



AP Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında Rusiyanın dondurulmuş aktivləri ilə Ukraynaya kreditlərin verilməsi təşəbbüsü müzakirə edilib.

Avropa Parlamentinin deputatları 56 “xeyr” səsinə qarşı 518 “hə” səsi ilə Aİ-nin Ukraynaya 35 milyard avro kredit ayırmasını və Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlərin ödənilməsində istifadəsini təsdiqləyib.

Yeni qurulan Ukrayna Kredit Əməkdaşlığı Mexanizmi ilə Rusiya Mərkəzi Bankının Aİ-dəki dondurulmuş aktivlərindən gələcək gəlirlər Ukraynaya təqdim ediləcək.

Təşəbbüs çərçivəsində Rusiyanın dondurulmuş aktivlərinin gəlir axını Aİ və G7 tərəfdaşlarından Ukraynaya olan kreditlərin ödənilməsinə yönəldiləcək.

Xatırladaq ki, G7 ölkələrinin liderləri iyun ayında Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən girov kimi istifadə edərək, Ukraynaya 50 milyard dollar (təxminən 45 milyard avro) kredit ayırmaq barədə razılığa gəliblər.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb ölkələri Rusiyanın 300 milyard dollara yaxın aktivlərini dondurub. Bu məbləğin təxminən 200 milyard dolları Aİ ölkələrinin payına düşür.

Qeyd edək ki, dondurulmuş aktivlər hər il milyardlarla dollar faiz gəliri gətirir. G7 ölkələri, xüsusən də ABŞ bu gəliri Ukraynaya dəstək vermək üçün istifadə etmək istəyir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu