Endi Börnham: Brexit Britaniyaya qazandırdığından daha çoxunu itirdib



İngiltərənin Baş naziri Endi Börnham ölkəsinin Avropa İttifaqından (Aİ) ayrılmasının 10 illiyini qiymətləndirərək, son on ildə qazandıqlarından daha çoxunu itirdiklərini və Britaniyaya təklif edilən sərt Brexit modelinin ölkə üçün faydalı olmadığını bildirib. 

AFN.az xəbər verir ki, Börnham bu fikirləri Londonun tarixi Siti rayonunun rəhbəri tərəfindən ənənəvi olaraq təşkil edilən Lord Merin şam yeməyində çıxışı zamanı səsləndirib.

Yeni hökumət idarəetmə tərzi adlandırdığı Makerfield sınağından danışan Börnham bunun siyasətlərin aztəminatlı və əlverişsiz vəziyyətdə olan təbəqələrin baxış bucağından qiymətləndirilməsini nəzərdə tutan yanaşma olduğunu deyib.

Adını deputat seçildiyi Makerfield seçki dairəsindən götürən sistemin həyata keçirilən siyasətlərin sözügedən təbəqələrin həyatını çətinləşdirib-çətinləşdirmədiyini araşdırdığını bildirən Börnham bu yanaşmanı xarici siyasətə də tətbiq etmək istədiyini vurğulayıb. O, hökumətin qəbul etdiyi yeni yanaşmanı ilk dəfə ortaya qoyacağını və xüsusilə cümə günü keçiriləcək İngiltərə-Aİ sammitində müzakirə olunacaq saziş təklifinin bu meyara cavab verib-vermədiyini qiymətləndirəcəyini bildirib.

Börnham İngiltərəni daha ümidverici yola çıxarmağı hədəflədiyini deyərək, 2016-cı ildə ölkənin Aİ-dən ayrılması ilə nəticələnən Brexit referendumuna diqqət çəkib.

Daha 10 ili itirmək imkanlarının olmadığını düşünən Börnham gələn ay açıqlayacaqları 10 illik plan çərçivəsində Brexit referendumunda vəd edilən addımların həyata keçiriləcəyini söyləyib.

Onun sözlərinə görə, Brexit xüsusilə 2008-2016-cı illərdə yaşanan iqtisadi geriləməyə cavab verə biləcək siyasi sistemin yaradılmasını hədəfləməli idi. Börnham bildirib ki, sabiq Baş nazir Tereza Meyin ədalətsizliyi aradan qaldırmağa yönəlmiş yumşaq Brexit planı əvvəlcə bu məqsədə uyğun görünsə də, sonradan daha populist ritorikanın önünü açıb və nəticədə ölkə Aİ-dən daha pis şərtlərlə və mənfi əhval-ruhiyyə ilə ayrılıb.

Börnham Aİ ilə münasibətlərin pisləşməsini köhnə dostlarla əlaqələrin qırılması kimi xarakterizə edərək, Brexitin dünyada daha çox özünütəcrid və proteksionizmə doğru qlobal meyildə aşan ilk domino daşı olduğunu bildirib. Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə dəyərlərə deyil, maraq qruplarının mənafelərinə əsaslanan yanaşma həlledici olub. Börnham bunu ən kədərli nəticə adlandıraraq Rusiyanın parçalanmış NATO və Ukraynadakı planlarına qarşı çıxa bilməyəcək qədər zəif Avropa istədiyini qeyd edib.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin Yaxın Şərqdəki hadisələrlə birlikdə ərzaq və enerji qiymətlərini artırdığını bildirən Börnham bunun təsirlərinin, xüsusilə aztəminatlı təbəqələr başda olmaqla, bütün dünyada hiss edildiyini deyib.

Baş nazir vəzifəsində olduğu dörd ay ərzində görüşdüyü bütün liderlərin yaşayış xərclərinin artmasını ən böyük sınaq kimi qiymətləndirdiyini vurğulayan Börnham son 10 ildə ölkələr arasında əməkdaşlığın azalmasının dünyanı indiki vəziyyətə gətirdiyini və aztəminatlı insanların yüksək qiymətlərlə mübarizə apardığını bildirib.

Börnham gələn il ölkəsinin G20-yə sədrlik edəcəyi dövrdə bu məsələyə diqqət yetirəcəyini vurğulayaraq, İngiltərənin bu istiqamətdə liderlik rolunu üzərinə götürməyə hazır olduğunu söyləyib.

Brexitdən sonra İngiltərənin dünyadakı mövqeyinin təsirini itirdiyini bildirən Börnham müttəfiqlərə və qurumlara kifayət qədər diqqət yetirmədiklərini deyib. O, bunun təsirlərinin Avropadan kənara da yayıldığını, Britaniya Millətlər Birliyinin müasirləşdirilməsinə lazımi diqqət və investisiyanın ayrılmadığını, Çinlə münasibətlərdə isə uzunmüddətli əlaqələr qurmaq əvəzinə gah yaxınlaşma, gah da uzaqlaşma siyasətinin yürüdüldüyünü qeyd edib.

Yaxın Şərq məsələsində də səhv addımlar atıldığını bildirən Börnham HƏMAS-ı və oktyabrın 7-də baş verənləri pislədikləri halda, Qəzzada yaşananlara verilən reaksiyanın onların mənəvi mövqeyini sual altına saldığını deyib. Onun sözlərinə görə, bu, dünyanın tanıdığını düşündüyü Britaniyanın dəyişdiyinə inanmasına səbəb olub.

Bu səbəbdən yeni yanaşmanın qəbul edilməsinin vacibliyini vurğulayan Börnham müdafiə xərclərini artıracaqlarını, NATO və Avropanın təhlükəsizliyini gücləndirəcəklərini, əsas müttəfiq və ticarət tərəfdaşı olan ABŞ ilə xüsusi münasibətləri davam etdirəcəklərini bildirib. O, bütün tərəflərlə əlaqələri yeniləyəcəklərini də qeyd edib.

Börnham yeni yanaşmanın əsas istiqamətlərindən birinin Yaxın Şərq siyasəti olduğunu deyib. O bildirib ki, baş nazir olduqdan dərhal sonra İsrail hökumətinin Qəzza və İordan çayının qərb sahilindəki fəaliyyətlərinə qarşı çıxaraq qanunsuz yaşayış məntəqələri ilə ticarəti qadağan ediblər. Onun sözlərinə görə, yeni yaşayış məntəqələri iki dövlətli həlli mümkünsüz etməzdən əvvəl bu həllə dəstək vermək düzgün addım idi.

İngiltərənin bu mövqeyinə bir çox ölkənin qoşulduğunu bildirən Börnham bölgədə sülh və təhlükəsizlik naminə bütün maraqlı tərəflərlə işləyəcəklərini söyləyib. O, bu tərəflər arasında Fələstin torpaqlarında yaşayış məntəqələrinin inşasını dayandıracağı, zorakılığa son qoyacağı və Qəzzaya ehtiyac duyulan həcmdə humanitar yardımın daxil olmasına şərait yaradacağı təqdirdə yeni qurulacaq İsrail hökumətinin də yer alacağını qeyd edib.

Börnham İranın nüvə silahına sahib olmasına və bölgəni təhdid etməsinə imkan verilməyəcəyini bildirib. Bununla yanaşı, ABŞ və İsraillə İran arasında qarşıdurmanın davam etməsinə də qarşı olduqlarını vurğulayıb.

Müharibənin başa çatması üçün çalışan vasitəçilərə dəstəyin davam etdiriləcəyini bildirən Börnham Britaniya Millətlər Birliyinə üzv ölkələrə təsir göstərən tarixi qul ticarəti məsələsinə də toxunub.

İngiltərənin qul ticarətindən zərər çəkmiş ölkələrə bu prosesdəki roluna görə təzminat ödəməyəcəyini deyən Börnham bununla belə, dialoq qapısını açıq saxlayıb.

Yaxın Şərq və İran məsələlərindən sonra Avropa ilə münasibətləri yeniləmək məqsədindən danışan Börnham 2016-cı ildən bəri dünyanın çox dəyişdiyini bildirib. O, həmin dövrdə təkbaşına hərəkət etməyin asan göründüyünü, lakin bu gün vəziyyətin fərqli olduğunu deyərək, İngiltərənin yaxınlığında eyni dəyərləri və maraqları bölüşən demokratiyalar qrupunun mövcudluğu faktını inkar edə bilməyəcəklərini vurğulayıb.

Börnham İngiltərənin iqtisadi inkişafı üçün Avropa ilə münasibətlərin yenidən nəzərdən keçirilməli olduğunu qeyd edərək, görünən reallığı söyləməyə heç kimin hazır olmadığını, özünün isə müşahidə etdiklərini dilə gətirməyə çalışacağını bildirib. O, son 10 ildə qazandıqlarından daha çoxunu itirdiklərini və Britaniyaya təklif edilən sərt Brexit modelinin ölkə üçün yaxşı olmadığını təkrarlayıb.

Maliyyə və texnologiya sektorları istisna olmaqla, digər sahələrin Brexit səbəbindən çətinliklərlə üzləşdiyini deyən Börnham Aİ-dən ayrılmanın ümumi daxili məhsula təsirinin 8 faiz mənfi olduğunu bildirib. Onun sözlərinə görə, 10 il əvvəl hansı sahədə problem var idisə, bu gün də həmin problemlər qalır. İnsanlar dəyişiklik üçün səs versələr də, bu dəyişiklik baş verməyib.

Börnham Aİ ilə bağlanacaq sazişin İngiltərənin maraqlarına uyğun olması üçün üç meyardan keçməli olduğunu bildirib. Onun sadaladığı ilk meyar İşçi Partiyasının Aİ-yə qayıdışa, Gömrük İttifaqına qoşulmağa və sərbəst hərəkətə qapını bağlayan manifestinə uyğunluqdur.

İkinci meyar 2016-cı ildən sonra imzalanmış Brexit sazişindən daha yaxşı razılaşmanın əldə olunmasıdır. Üçüncü meyar isə sazişin adi vətəndaşların gündəlik həyatına müsbət təsir göstərməsidir.

Sazişin həm Aİ, həm də İngiltərə üçün qarşılıqlı fayda gətirəcəyini vurğulayan Börnham cümə günü keçiriləcək sammitdən sonra uzunmüddətli münasibətlərin qurulması ilə bağlı danışıqlara başlanacağını bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu