Britaniyada Aİ-yə qayıdış məsələsi yenidən gündəmə gəlib
Britaniyanın Baş naziri Endi Börnham Fransa və İspaniyadan gələn dəstək açıqlamalarından sonra gələcək seçki manifestinə ikinci Brexit referendumunun və Avropa İttifaqına yenidən qoşulmaq variantının daxil edilə biləcəyini bildirib.
AFN.az xəbər verir ki, Börnham Dauninq-stritə daxil olmamışdan əvvəl verdiyi açıqlamalarda Britaniyanı ömrü boyu yenidən Avropa İttifaqının tərkibində görmək istədiyini bildirmişdi. Baş nazir Brexit-in ölkəyə onillik itki və parçalanma gətirdiyini vurğulayaraq Brüssellə gələcək münasibətlərdə bütün variantların müsbət və mənfi tərəflərini qiymətləndirəcəyinə söz verib.
Fransa Prezidenti Emmanuel Makron və İspaniyanın Baş naziri Pedro Sançes çərşənbə günü verdikləri birgə açıqlamada Britaniyanın yenidən Avropa İttifaqına qayıtmasından məmnun olacaqlarını bildiriblər.
Makron bu addımın son dərəcə müsbət qərar olacağını deyərkən, Sançes qapıların açıq olduğunu bildirib.
Lakin Makron üzvlük şərtləri ilə bağlı hər hansı güzəştin və ya yarı yolda qalmaq variantının olmayacağı barədə xəbərdarlıq edib.
Britaniyanın ittifaqa qayıtması halında birlik qaydalarına tam şəkildə əməl etməli olduğunu vurğulayan Makron azadlıqlar arasında seçim edilə bilməyəcəyini bildirib.
Mütəxəssislər Britaniyanın yenidən üzv olması halında keçmişdə malik olduğu xüsusi şərtlərə sahib ola bilməyəcəyinə diqqət çəkirlər.
Ölkənin Avrozonaya qoşulmaq, Şengen pasportsuz səyahət zonasına daxil olmaq kimi tələblərlə qarşılaşa biləcəyi və keçmişdə Marqaret Tetçer tərəfindən razılaşdırılmış büdcə güzəştini ala bilməyəcəyi bildirilir.
Digər tərəfdən, keçmiş Mühafizəkarlar Partiyasının naziri Maykl Qov kimi şəxslər Brexit prosesini yenidən açmağın cəmiyyətdə məyusluq yaradacağını və Brüsselə yenidən səlahiyyətlərin verilməsi anlamına gələcəyini müdafiə edərək qərara etiraz ediblər.


