Britaniyada İşçi Partiyasının AB-yə qayıdışı gündəmdədir



Nazirlər Baş nazir Andy Burnhamın növbəti ümumi seçki manifestinə Avropa İttifaqına (AB) yenidən qoşulmaq vədinin daxil edilməsi üçün zəmin hazırladığını bildiriblər.

AFN.az xəbər verir ki, nazirlər məsələnin artıq AB-yə qoşulub-qoşulmamaq deyil, seçki manifestində bunun necə ifadə ediləcəyi olduğunu vurğulayıblar.

Brexitdən sonra ötən onillikdə yaşanan durğunluq və parçalanma ilə bağlı xəbərdarlıqlar edən Burnhamın çərşənbə axşamı çıxışında ölkə üçün aydın yol xəritəsi ortaya qoyması gözlənilir.

Bu addım İşçi Partiyasının sağçı partiyalarla arasındakı fərqi vurğulamaq məqsədi daşıyır.

Baş nazir və yüksək səviyyəli nazirlərin builki partiya konfransında Brexitin uğursuzluq olduğunu açıq şəkildə bildirməsindən sonra seçicilərin qarşısına AB-yə qayıdış variantı ilə çıxmaqla bağlı nikbinlik artır.

Nyu-Yorka Birləşmiş Millətlər Təşkilatına səfəri zamanı növbəti seçki manifestində AB-yə yenidən qoşulmanın yer alıb-almayacağı soruşulan Burnham bu ehtimalı nəzərdən keçirməkdən imtina edib. Burnham Mançester meri olduğu dövrdə də İngiltərənin AB-yə yenidən qoşulmasının tərəfdarı olduğunu bildirmişdi.

Yüksək səviyyəli nazirlərdən biri bu məsələ ilə bağlı vəziyyətin tamamilə dəyişdiyini deyib. Eyni nazir yenidən qoşulma istiqamətində böyük dinamikanın olduğunu, iqtisadi göstəricilərin ortada olduğunu və Brexitin uğursuzluğundan danışmaqda daha rahat davrandıqlarını bildirib.

Digər yüksək səviyyəli nazir isə siyasi risk olmasaydı, sabah belə AB-yə qoşula biləcəklərini deyərək, Nigel Farage və Reform Partiyasının yenidən güclənməsi ehtimalına diqqət yetirilməli olduğunu bildirib. Nazir iqtisadiyyatı böyütmək üçün AB-yə yenidən qoşulmalı olduqlarını və müzakirələrin artıq əgər deyil, necə sualı ətrafında formalaşdığını qeyd edib.

Nasir keçmiş Baş nazir Tony Blairin 10 il ərzində islahat edilmiş AB-yə qoşulma planının hazırlanması ilə bağlı açıqlamasının məqsədyönlü olduğunu bildirib.

AB-nin rəqəmsal texnologiya və süni intellekt sahəsindəki qaydalarının yumşaldılmasının lazım olduğunu bildirən nazir İngiltərənin bu texnologiyaların mərkəzi olması səbəbindən dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb.

Nasir həmçinin Hindistan və Kanada ilə bağlanan ticarət razılaşmalarından çəkinməyin lazım gələ biləcəyini, lakin AB bazarına tam çıxışın gətirəcəyi qazancın bu itkiləri dəfələrlə kompensasiya edəcəyini qeyd edib.

Digər tərəfdən, bəzi şəxslər Burnhamın ümumi seçkini gözləmədən daha sürətli hərəkət etməli olduğunu müdafiə edirlər. Avropa üçün İşçi Hərəkatının rəhbəri Stella Creasy İngiltərənin qarşıdakı altı ay ərzində yenidən qoşulma yollarını araşdırmağa başlamalı olduğunu deyib.

Bəzi nazirlər də Creasy ilə eyni fikri bölüşərək AB-nin Avropada istehsal qaydalarının İngiltərəni ticarət və müdafiə sahələrindən kənarda qoya biləcəyi barədə xəbərdarlıq ediblər. Kabinet üzvlərindən biri Amerika və Avropa blokları arasında təcrid olunmaq təhlükəsi ilə üzləşdiklərini bildirib.

Digər tərəfdən, Xarici işlər naziri Ed Miliband İngiltərənin gələcəyinin AB ilə daha güclü və daha dərin tərəfdaşlıqda olduğunu deyərək yeni istiqamətə işarə edib.

Miliband partiya konfransında çıxışında Avropanın yalnız coğrafi məkan olmadığını, iqlimdən Yaxın Şərqə qədər dəyərlərin, ticarətdən müdafiəyə qədər maraqların qorunduğu tərəfdaşlıq məkanı olduğunu bildirib. O, iqtisadiyyatda, müdafiədə və təhlükəsizlikdə gələcəyin AB ilə daha dərin tərəfdaşlıqdan keçdiyini vurğulayıb.

Maliyyə naziri John Healey də çıxışında Tony Blair hökumətinin 1990-cı və 2000-ci illərdə xərcləyə bildiyi vəsaitin bu gün mövcud olmamasının səbəbi kimi Boris Johnsonun Brexit qərarını göstərib.

Çərşənbə axşamı çıxışında Brexitlə yanaşı digər məsələlərə də toxunacaq Burnhamın sosial qayğı islahatını maliyyələşdirmək məqsədilə pensiyalardakı üçlü təminat zəmanətinə son qoya biləcəyinə işarə edə biləcəyi bildirilib.

Nazirlərin İşçi Partiyasının növbəti seçki manifestində üçlü təminat vədinin yer alıb-almayacağını təsdiqləməkdən çəkinməsi böyüklər üçün pulsuz sosial qayğının xərclərini qarşılamaq məqsədilə pensiyaların artım sistemində dəyişiklik edilə biləcəyi barədə ehtimalları artırıb.

Burnham çərşənbə axşamı çıxışında mövcud vəziyyətin davam etdirilə bilməyəcəyini və siyasətdəki ənənəvi yanaşmaların İngiltərəni geriyə apardığını vurğulayacaq. Baş nazir həmçinin enerji, su və mənzil sahələrində daha çox dövlət nəzarətinin təmin ediləcəyini açıqlayacaq.

AB-yə yenidən qoşulma ilə bağlı gözləntilərin artmasını qiymətləndirən Avropa Hərəkatının rəhbəri Mike Galsworthy bunun əla xəbər olduğunu bildirib. Galsworthy növbəti parlamentdə qoşulma danışıqlarının başlanmasının hədəf seçilməsinin həyəcanverici olduğunu deyib.

AB üzvlüyünün bərpası üçün fəaliyyət göstərən Best for Britain təşkilatının rəhbəri Naomi Smith də bunun siyasi qurumların nəhayət seçicilərin olduğu mövqeyə yaxınlaşdığının göstəricisi olduğunu söyləyib.

İşçi Partiyasının deputatı Stella Creasy isə partiyanın növbəti ümumi seçki manifestində AB-yə yenidən qoşulmanın şərtlərinin müzakirə edilməsi ilə bağlı aydın öhdəlik götürməli olduğunu bir daha vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu