ÜST rəhbəri: Heç bir uşaq soyuqdan ölməməlidir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus ötən həftə Qəzzada bir körpənin soyuqdan öldüyünü xatırladaraq, heç bir uşağın soyuq səbəbindən həyatını itirməməli olduğunu və qışın hələ yeni başladığını bildirib.
AFN.az xəbər verir ki, Qebreyesus X platformasındakı hesabında atəşkəsə baxmayaraq, İsrailin hücumları və blokadası altında olan Qəzzadakı vəziyyətlə bağlı paylaşım edib.
Qebreyesus Qəzzada 8 aylıq körpənin ötən həftə hipotermiya səbəbindən həyatını itirdiyini xatırladaraq, bütün həftəsonu bu ürəkağrıdan xəbər barədə düşündüyünü qeyd edib. O, heç bir uşağın soyuqdan ölməməli olduğunu, üstəlik qışın hələ yeni başladığını vurğulayıb.
ÜST rəhbəri Qəzzada cəmi bir neçə günlük yağışın belə düşərgələri su altında qoyduğunu, çadırları yararsız vəziyyətə saldığını və ailələri soyuq qarşısında müdafiəsiz buraxdığını bildirib.
Qebreyesusun sözlərinə görə, təxminən 950 min məcburi köçkün sel təhlükəsi olan ərazilərdə yaşayır və onların 400 mini son dərəcə yüksək risk altındadır. O, artıq çox şeyini itirmiş ailələr üçün çadırın çox vaxt əllərində qalan yeganə sığınacaq olduğunu vurğulayıb. Bu sığınacağın itirilməsi isə insanların soyuğa, çirkli suya və xəstəliklərə qarşı tamamilə müdafiəsiz qalması deməkdir.
Qəzzanın müharibə şəraitində dördüncü qışını keçirdiyinə diqqət çəkən Qebreyesus bölgəyə sığınacaq ləvazimatlarının, təmiz suyun, gigiyena vasitələrinin, dərmanların, vaksinlərin, hipotermiyanın qarşısını almaq üçün avadanlıqların, eləcə də xəstəliklərin yayılmasını erkən aşkarlamağa və onlara müdaxilə etməyə imkan verən laboratoriya materiallarının geniş həcmdə və heç bir məhdudiyyət olmadan çatdırılmasına təcili ehtiyac olduğunu bildirib.
O, ÜST və tərəfdaşlarının yardımları bölgəyə çatdırmağa hazır olduğunu vurğulayaraq, heç bir uşağın ölməməli olduğunu qeyd edib.


