Xameneinin sığındığı binaya 30-a yaxın güclü bomba atılıb - TƏFƏRRÜATLAR


İsrail ordusu və ABŞ qüvvələri İranın hərbi-siyasi rəhbərliyini hədəf alan, genişmiqyaslı və analoqu olmayan əməliyyat keçirib.

AFN.az "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, kəşfiyyat orqanları İranın ali elit təbəqəsinin eyni məkanda toplandığı nadir fürsəti dəyərləndirərək hücum əmrini icra ediblər. Məlumata görə, şənbə günü baş tutan əməliyyat zamanı eyni anda üç yüksək səviyyəli görüş hədəfə alınıb və Ali Lider Ayətullah Əli Xameneinin olduğu gizli iqamətgah dəqiqliklə müəyyən edilib.

Pentaqon və Mossadın birgə planlaşdırdığı bu hücum taktikası gözlənilməzliyi ilə seçilib. Belə ki, adətən gecə saatlarında keçirilən əməliyyatlardan fərqli olaraq, bu dəfə qırıcılar hədəfləri günorta vaxtı darmadağın edib. İsrail təyyarələri Xameneinin sığındığı binaya 30-a yaxın güclü bomba ataraq iqamətgahı tamamilə sıradan çıxarıb. İsrail hərbi kəşfiyyatının keçmiş rəhbəri Amos Yadlin bildirib ki, günün işıqlı vaxtı hücum etmək İran tərəfi üçün tam sürpriz olub və müdafiə sistemlərini iflic edib.

İranın rəsmi dövlət televiziyası ölkənin Ali Lideri Əli Xameneinin öldüyünü rəsmən təsdiqləyib. Eyni zamanda, təhlükəsizlik məsələləri üzrə baş müşavir Əli Şamxani, SEPAH komandiri Məhəmməd Pakpur və müdafiə naziri Əmir Nəsirzadənin də hava zərbələri nəticəsində həyatını itirdiyi bildirilir.

Əməliyyatın pərdəarxası məqamlarına gəlincə, hazırlıq prosesində İsrailin yüksək rütbəli hərbi heyəti dəfələrlə Vaşinqtonda məxfi məsləhətləşmələr aparıb. Hücum qərarını ABŞ prezidenti Donald Tramp verib. Bu qərar diplomatik kanalların tamamilə qapandığı və İranın Amerika hədəflərinə qarşı qaçılmaz hücum planlaşdırdığı barədə kəşfiyyat məlumatları daxil olduqdan sonra qəbul edilib. Bildirilir ki, İsrail əsasən rəhbər heyəti və raket bazalarını, ABŞ isə hərbi infrastrukturu hədəf alıb.

Hazırda regionda vəziyyət gərgin olaraq qalır. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ali Liderin qisası üçün İsrail və ABŞ bazalarına qarşı "tarixi cavab" verəcəklərini bəyan edib. Donald Tramp isə buna cavab olaraq, hər hansı bir hücum olacağı təqdirdə İranın daha ağır şəkildə vurulacağı ilə bağlı sərt xəbərdarlıq edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu