İranda yeraltı nüvə obyektində hərəkətlilik artır: ABŞ zərbə planı hazırlayır
İranın Kazma dağı yaxınlığında yerləşən və nüvə proqramı ilə əlaqələndirilən yeraltı obyektdə bu il tikinti işlərinin əhəmiyyətli dərəcədə intensivləşdiyi bildirilir.
AFN.az xəbər verir ki, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) yayımladığı yeni peyk görüntülərinin təhlili ərazidə 2026-cı ildən etibarən tikinti fəaliyyətində nəzərəçarpacaq dəyişikliklərin baş verdiyini göstərib.
Nətənz nüvə kompleksinin yaxınlığında yerləşən və qranit dağ massivinin altında inşa edilən obyektin İranın nüvə proqramını mümkün hücumlardan qorumaq məqsədilə sığınacaq kimi layihələndirildiyi ehtimal olunur.
CSIS mütəxəssislərinin məlumatına görə, 2026-cı ildən etibarən ərazidə əvvəlki aktiv qazıntı işlərindən fərqli olaraq daxili tikinti mərhələsinə keçilib. Eyni zamanda tunel girişlərinin möhkəmləndirilməsi və yolların örtüklə təmin edilməsi istiqamətində işlər aparılır.
Mütəxəssislər obyektin hazırda uranın zənginləşdirilməsi fəaliyyətinə başlamaq üçün tam hazır olmadığını hesab edirlər.
İsrail kəşfiyyatı İranın sentrifuqaları bu əraziyə köçürməyə çalışa biləcəyini irəli sürüb. ABŞ Prezidenti Donald Tramp isə obyektin istənilən vaxt hədəfə alına biləcəyini açıqlayıb.
Tramp bölgədə baş verən bütün hərəkətliliyin diqqətlə izlənildiyini bildirərək, obyektə yaxın zamanda zərbə endirə biləcəklərini deyib.
Bildirilir ki, obyektin yerləşdiyi qranit massiv Pentaqonun arsenalındakı ən ağır qeyri-nüvə bombalarından biri olan GBU-57 MOP tipli silahlara qarşı belə yüksək müdafiə təmin edə bilər.
ABŞ ordusunun bu cür dərin yeraltı obyektlərini məhv etmək imkanlarını artırmaq məqsədilə raket sınaq poliqonlarında çalışmalar apardığı bildirilir. Həmçinin ABŞ tərəfinin yeni nəsil bunkerdağıdan bomba hazırlamaq üçün işləri davam etdirdiyi qeyd olunur.
