Almaniyadan "Amazon"a 59 milyon avro cərimə


Almaniyada "qeyri-qanuni qiymət tənzimləmə təcrübələri" səbəbindən "Amazon" şirkətinə 59 milyon avro cərimə kəsilib.

Almaniya Federal Kartel Ofisindən (Bundeskartellamt) verilən bəyanatda bildirilib ki, "Amazon"un öz platformasındakı üçüncü tərəf satıcıların qiymətlərini şəffaf olmayan mexanizmlərlə aşağı saldığı müəyyən edilib. Açıqlamada qeyd olunub ki, Almaniyadakı onlayn satışların təxminən 60%-nə nəzarət edən "Amazon" üçüncü tərəf satıcıların qiymətlərini "yüksək" hesab etdikdə həmin məhsulları platformadan çıxarıb və ya onların görünürlüyünü məhdudlaşdırıb.

Müstəqil satıcıların təkliflərinə qiymət məhdudiyyəti qoyulduğu üçün şirkətə 59 milyon avro cərimə tətbiq edilib. Həmçinin bildirilib ki, "Amazon"un qiymət məhdudlaşdırma səlahiyyəti həddindən artıq yüksək qiymət halları istisna olmaqla, məhdudlaşdırılıb.

"Amazon bazar gücündən sui-istifadə edə bilməz"

Almaniya Federal Kartel Ofisinin rəhbəri Andreas Mundt məsələ ilə bağlı qiymətləndirməsində "Amazon"un öz platformasında satıcılarla birbaşa rəqib olduğunu xatırladııb: "Amazon rəqiblərinin qiymətlərini manipulyasiya edərək bazar gücündən sui-istifadə edə bilməz".

Mundt vurğulayıb ki, "Amazon" üçüncü tərəf satıcıların qiymətlərini qeyri-şeffaf üsullarla təzyiq altında saxlayıb və qiymətlər yüksək hesab edildikdə məhsulların görünürlüyü qəsdən azaldılıb. Bu vəziyyət isə azad rəqabətə mane olur.

Yeni səlahiyyətlə kəsilən ilk cərimə

"Amazon" çox sayda məhsulu birbaşa satmaqla yanaşı, "Amazon Marketplace" vasitəsilə digər pərakəndə satıcılar üçün də satış platforması təqdim edir. Federal Kartel Ofisi açıqlayıb ki, ABŞ şirkəti burada statistik modellərdən istifadə edərək üçüncü tərəf təklifləri üçün dinamik və dəyişkən qiymət tavanları hesablayıb.

Bu hadisə qurumun 2023-cü ildə qanuniləşən yeni səlahiyyətindən ilk dəfə istifadə etməsi ilə diqqət çəkib. Digər tərəfdən, 59 milyon avroluq məbləğ qurumun "Amazon"a kəsdiyi ilk maliyyə cəriməsidir.

"Amazon" qərardan apellyasiya şikayəti verəcək

"Amazon"dan verilən bəyanatda isə sözügedən ittihamlar rədd edilib. "Amazon Almaniya"nın baş direktoru (CEO) Rokko Brauniher qərarın Avropa İttifaqı (Aİ) rəqabət standartlarına zidd olduğunu və istehlakçıların əleyhinə olduğunu müdafiə edərək, qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu