Yaponiya Okinavadakı ABŞ hərbçiləri ilə bağlı Vaşinqtona etiraz edib
Yaponiya hökuməti ölkədə yerləşdirilən ABŞ hərbçilərinin intizamının gücləndirilməsi və onların iştirakı ilə insidentlərin qarşısının alınması üçün Vaşinqtondan tədbirlər görməyi tələb edəcək.
AFN.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara Okinava prefekturasında yerli qadının öldürülməsi ilə bağlı açıqlamasında bildirib.
Kihara qeyd edib ki, ABŞ hərbçilərinin iştirakı ilə baş verən insidentlər yerli sakinlər arasında narazılıq və narahatlıq yaradır. O, Yaponiya hökumətinin bu kimi halların təkrarlanmaması və xüsusilə Okinavada ABŞ hərbi obyektlərinin yerli əhali üçün yaratdığı yükün azaldılması istiqamətində Vaşinqtonla əməkdaşlığı davam etdirəcəyini bildirib.
Hadisə ilə bağlı Okinava polisi ABŞ Dəniz Piyadaları Korpusunun 20 yaşlı hərbçisini yerli qadının qarət edilməsi və öldürülməsində şübhəli bilinərək saxlayıb. Polis 39 yaşlı qadının meyitinin yerli otellərdən birinin otağında aşkar edildiyini açıqlayıb. Şübhəli şəxs ittihamları qəbul etmir.
Yaponiya Xarici İşlər naziri Toşimitsu Motegi hadisə ilə bağlı ABŞ-ın Tokiodakı səfirini çağıraraq etirazını bildirib. Müdafiə naziri Şinjiro Koizumi də ABŞ hərbi komandanlığına etiraz edib və hadisəni qəbuledilməz adlandırıb.
ABŞ Dəniz Piyadaları Korpusu isə hadisə ilə bağlı Yaponiya hakimiyyətinin apardığı araşdırmaya kömək etdiyini və insidentə ciddi yanaşdığını açıqlayıb.
Yaponiyadakı ABŞ hərbi obyektlərinin əhəmiyyətli hissəsi Okinava prefekturasında yerləşir.


