Yaponiya ABŞ-ın Hörmüz boğazı ilə bağlı iddiasını təkzib etdi
Yaponiya ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Mayk Voltsun rəsmi Tokionun Hörmüz boğazından keçən gəmiləri qorumaq üçün hərbi dəniz donanmasının bir hissəsini ayıracağı ilə bağlı iddiasını təkzib edib.
AFN.az xəbər verir ki, "Jiji Press" agentliyinin məlumatına görə, Nazirlər Kabinetinin baş katibi Minoru Kihara Yaponiya Baş naziri Takaiçi Sanaenin Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək üçün Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin bir hissəsinin cəlb ediləcəyi barədə qəti öhdəlik götürmədiyini bildirib.
Kihara Takaiçinin Vaşinqton səfəri zamanı ABŞ Prezidenti Donald Trampın Yaponiyadan Hörmüz boğazı məsələsində dəstək verməsini tələb etdiyini diqqətə çatdırıb. Digər tərəfdən, Takaiçi bu gün parlamentdəki çıxışında Hörmüz boğazı da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyətin nizama salınması üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edəcəklərini və diplomatik səylər göstərəcəklərini qeyd edib.
Xatırladaq ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Volts "CBS" kanalına verdiyi müsahibədə Takaiçinin ölkə donanmasının bir hissəsinin Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinə dəstək verməsi ilə bağlı öhdəlik götürdüyünü iddia etmişdi. Volts həmin açıqlamasında müttəfiqlərin onların mövqeyi ilə razılaşmağa başladığını vurğulamışdı.
