Mayk Volts: Müttəfiqlər Hörmüz boğazı məsələsində bizimlədir
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Mayk Volts ABŞ müttəfiqlərinin Hörmüz boğazının yenidən açılmasına dəstək vermək məsələsində razılaşmağa başladıqlarını bildirərək, müttəfiqlərin onların dediyi mövqeyə gəldiyini qeyd edib.
AFN.az xəbər verir ki, "CBS News" kanalında yayımlanan "Face the Nation" proqramında çıxış edən Volts müttəfiqlərin boğazın açılması üçün ABŞ-a dəstək verməsi ilə bağlı qiymətləndirmələr aparıb.
O, Yaponiya Baş naziri Takaiçi Sanaenin Hörmüz boğazından keçən gəmiləri qorumaq üçün hərbi dəniz donanmasının bir hissəsini ayıracağına dair vədinə diqqət çəkib. Volts müttəfiqlərinin onların mövqeyini dəstəkləməyə başladığını, lakin eyni zamanda prezidentin bu rejimi dəstəkləməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Fransa, Almaniya, İtaliya, Yaponiya, Niderland və İngiltərə liderləri martın 19-da İranın Körfəz ölkələrinə son hücumlarını və Hörmüz boğazını bağlamasını pisləyən birgə bəyanat yayıblar. Liderlər bəyanatda boğazdan təhlükəsiz keçidi təmin etmək üçün müvafiq səylərə töhfə verməyə hazır olduqlarını bildiriblər.
ABŞ Prezidenti Donald Tramp isə NATO-ya qarşı tənqidlərini davam etdirərək martın 20-də etdiyi paylaşımda ABŞ olmadan Alyansın "kağızdan pələng" olduğunu ifadə edib. NATO-nun Baş katibi Mark Rutte isə martın 22-də eyni proqramda çıxış edərək, müttəfiq ölkələrin Hörmüz boğazının açılmasına hərbi dəstək verməkdə tərəddüd etmələrinin başa düşülən olduğunu vurğulayıb və Donald Trampdan bu məsələdə anlayış göstərməsini istəyib.
Rutte bununla belə, həmin ölkələrin yavaş-yavaş Hörmüz boğazı məsələsi ətrafında bir araya gəlməyə başladıqlarını qeyd edib.
