İran Hörmüz boğazında bəzi ölkələrin gəmilərinin keçidinə icazə verib
Tehran rəhbərliyi Amerika Birləşmiş Ştatları və İsrail ilə yaşanan müharibə prosesində Hörmüz boğazının ABŞ və müttəfiqləri xaricindəki bütün ölkələrə açıq olduğunu elan edib.
AFN.az xəbər verir ki, dünyadakı neft daşımalarının beşdə birinin həyata keçirildiyi bu kritik su yolunda İran İnqilab Keşikçiləri Korpusu tərəfindən martın 2-də başladılan blokada qismən yumşaldılmağa başlanıb.
İranın xarici işlər naziri Abbas Əraqçi çox sayda ölkənin təhlükəsiz keçid üçün onlara müraciət etdiyini və hərbi bölmələrin qiymətləndirməsi nəticəsində müxtəlif ölkələrdən olan bir qrup gəminin keçidinə icazə verildiyini bildirib. Pakistan bayrağı altında üzən "Karachi" adlı tanker bazar günü boğazdan keçərək Körfəz xaricinə çıxıb, Hindistanın İrandakı səfiri isə bəzi Hindistan gəmilərinə istisna olaraq keçid icazəsi verildiyini təsdiqləyib.
Hindistan rəsmiləri maye qaz daşıyan iki tankerin yollarına təhlükəsiz davam etdiyini qeyd ediblər. Enerji ehtiyacının 45 faizini bu marşrut üzərindən qarşılayan Çin isə xam neft və Qətər mənbəli LNG daşıyan gəmiləri üçün İranla danışıqları davam etdirir. Fransa və İtaliyanın da gəmilərinin keçidi üçün Tehranla görüşmə tələbində olduğu ifadə edilir.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının təhlükəsizliyini təmin etmək məqsədilə Çin, Fransa, Yaponiya, Cənubi Koreya və İngiltərə kimi ölkələrə bölgəyə hərbi gəmilər göndərmə çağırışı cavabsız qalıb. Almaniya və Yunanıstan hərbi müdaxiləni qəti şəkildə rədd edərkən, İngiltərənin Baş naziri Kir Starmer də ölkəsinin bu müharibəyə daxil edilməyəcəyini açıqlayıb.
