Pakistan tankeri Hörmüz boğazından təhlükəsiz keçib
Pakistanın Milli Gəmiçilik Korporasiyasına (PSNC) məxsus "Karachi" tankeri İran sahillərinə yaxın marşrutla hərəkət edərək Hörmüz boğazından uğurla keçib.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi gəmilərin hərəkətini izləyən monitorinq məlumatlarına istinadən xəbər yayıb.
Bildirilir ki, martın 15-də boğazı keçən gəmi artıq Omanın Suhar limanı yaxınlığında qərarlaşıb. Agentlik qeyd edir ki, Birləşmiş Ərəb Əmirliklərindən neft daşıyan tankerin tam yüklənmədiyi ehtimal olunur. Pakistanın Neft Nazirliyi və PSNC hələlik mövzu ilə bağlı rəsmi şərh verməyib.
"Karachi" tankeri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda Hörmüz boğazının faktiki blokadasından keçə bilən nadir gəmilərdən biri olub. Bundan əvvəl, martın 14-də Hindistanın "Shipping Corporation of India" şirkətinə məxsus iki maye qaz tankerinin də boğazdan təhlükəsiz keçdiyi bildirilmişdi.
