ABŞ bütün B-1 bombardmançılarını Britaniyadakı bazadan çıxarıb
ABŞ Hərbi Hava Qüvvələrinin bütün B-1 strateji bombardmançıları Britaniyadakı “Feyrford” aviabazasından çıxarılaraq ABŞ-a qaytarılıb.
AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasının adı açıqlanmayan rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, son vaxtlara qədər aviabazada ABŞ-ın təxminən 10 strateji bombardmançısı yerləşdirilib. ABŞ hərbçiləri “Feyrford” bazasından bombardmançıların İrana zərbələr endirmək üçün istifadə olunması məqsədilə keçid məntəqəsi kimi yararlanıblar.
Pentaqon bildirib ki, əməliyyat təhlükəsizliyi ilə bağlı səbəblərə görə hərbi qüvvələrin yerdəyişməsi barədə real vaxt rejimində məlumat verilməyib. Hazırda isə “Feyrford”da yerləşdirilən bütün ABŞ bombardmançılarının ölkədəki daimi bazalarına qaytarıldığı təsdiqlənib.
Sentyabrın 27-də “Feyrford” aviabazasının yaxınlığında 23-25 yaşlarında olan beş London sakini saxlanılıb. Onlar əvvəlcə partlayıcı maddələr və terrorla bağlı qanunları pozmaqda şübhəli biliniblər, lakin daha sonra girov müqabilində sərbəst buraxılıblar. Polis onların furqonlarında partlayıcı maddə aşkar edilmədiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp isə hadisə ilə bağlı açıqlamasında Böyük Britaniyada saxlanılan şəxslərlə bağlı Vaşinqtonun hər şeyi bildiyini deyib.

