Park yeri mübahisəsi atışma ilə nəticələndi – 12 yaşlı qız öldü
Baltimor şəhərində iki kişinin park yeri ilə bağlı mübahisəsi qanlı insidentlə nəticələnib. Uşaqların amerikan futbolu oynadığı parkda baş verən silahlı atışma zamanı hadisə ilə əlaqəsi olmayan 12 yaşlı qız uşağı həyatını itirib.
AFN.az xəbər verir ki, Baltimor Polis Komissarı Riçard Uorli keçirdiyi mətbuat konfransında iki şəxsin park yeri üstündə mübahisə etməyə başladığını, daha sonra isə bir-birinə atəş açdığını bildirib.
Atışmanın ortasında qalan və futbol oyununa baxdığı ehtimal edilən azyaşlı qız həyatını itirib.
Hadisə yerinə gələn polis əməkdaşları azyaşlı qızla yanaşı, güllə yarası almış bir qadın da aşkarlayıb. Polis hadisə ilə əlaqəli olduğu ehtimal edilən iki kişinin də xəstəxanalara müraciət etdiyini bildirib.
Polis hadisə ilə bağlı ən azı iki şübhəlinin axtarıldığını və hələlik heç kimin saxlanılmadığını açıqlayıb. Yaralanan digər üç şəxsin həyati təhlükəsinin olmadığı bildirilib.
Baltimor meri Brendon Skott iki yetkin şəxsin mübahisəsindən sonra 12 yaşlı uşağın həyatını itirdiyini bildirərək hadisəyə münasibət bildirib.
Rəsmilər hadisə ilə bağlı araşdırmanı davam etdirir və şahidlərdən məlumat vermələrini xahiş edir.

