Papa Fransiskin gündəlikləri: Şeytanı və cəhənnəmin girişini gördüyünü yazıb



Roma Katolik Kilsəsinə 12 il rəhbərlik etmiş mərhum Papa Fransisk 2021-ci ildən başlayaraq iki il davam edən mənəvi böhran yaşayıb. 

AFN.az xəbər verir ki, noyabrın 24-də nəşr olunan şəxsi gündəliklərində Fransisk Şeytanın və cəhənnəmin girişinin görüntülərini gördüyünü, həmçinin Katolik Kilsəsi üzərində hakimiyyətdən necə istifadə etməli olduğu ilə bağlı daxili mübarizə apardığını bildirib.

2025-ci ilin aprelində vəfat edən Fransisk gündəliklərində başqalarından öz məqsədləri üçün istifadə edən, insanları sanki kukla kimi idarə edən birinə çevrilmək istəmədiyini yazıb. Gündəliklərə əlavə edilmiş şərhlərdə onun bu düşüncələrlə mübarizə apardığı qeyd olunur.

2022-ci ilin dekabrına aid qeydlərindən birində Fransisk yaşadığı böhranı təsvir edərək bunun idarəçilik məsələləri, qəbul edilməli qərarlarla bağlı təzyiq, mənəvi quruluq və tənhalıq hissləri ilə qarışdığını bildirib. Bununla belə, kitabda mərhum papanın kimləri kukla kimi idarə etməkdən bəhs etdiyi açıqlanmır.

Kilsəni dünyaya açmağa çalışan islahatçı kimi tanınan Fransisk papalığı dövründə mühafizəkar kardinalların ciddi müqaviməti ilə üzləşib. Onlar papanın Kilsənin dəyişməz dini təlimlərini yumşalda biləcəyindən narahat idilər.

Fransiskin yaxın əməkdaşı, 2023-cü ildə Vatikanın nüfuzlu doktrina idarəsinə rəhbər təyin etdiyi kardinal Viktor Fernandes onun gündəliklərini toplayaraq öz şərhləri ilə birlikdə kitab halına salıb. 1960-cı illərdən bəri ictimaiyyətə təqdim olunan ilk papa gündəlikləri hesab edilən bu nəşrdə bütün qeydlər deyil, mövzular üzrə seçilmiş parçalar yer alıb.

Fernandes yazıb ki, Fransisk sonda bu hadisəni onu ən çox əzablandıran sınaq kimi qəbul edib və şeytani vəsvəsəyə uymamaq üçün davamlı mübarizə apardığını hiss edib.

Argentina əsilli və Amerika qitəsindən seçilən ilk papa olan Fransisk 1992-ci ildən etibarən kiçik planlaşdırma dəftərində qeydlər aparıb. Ümumilikdə 160 səhifədən ibarət kitab onun dini dünyasına və mənəvi mübarizələrinə dair nadir məlumatlar təqdim edir. Gündəliklərdə onun Şeytanı və cəhənnəmin girişini gördüyünə, eləcə də Tanrının onunla yuxular vasitəsilə danışdığına inandığı əksini tapıb.

Əksər son dövr papaları vəfat etdikdən sonra şəxsi sənədlərinin yandırılmasını tapşırıblar. Bununla belə, 1978-2005-ci illərdə papa olmuş II İohann Pavelin bəzi sənədləri sonradan ictimaiyyətə açıqlanıb. Gündəlikləri ölümündən sonra nəşr olunan sonuncu papa isə 1963-cü ildə vəfat etmiş XXIII İohann olub.

2021-ci ilin yanvarına aid qeydlərdən birində Fransisk həyatının müxtəlif dövrlərində üç dəfə Şeytanı gördüyünü düşündüyünü yazıb. Bu hadisələrdən biri papa olduğu vaxt Vatikan rəsmiləri ilə keçirilən görüşdə baş verib. Həmin görüntü barədə yazan Fransisk Şeytanın səsinin güclü və xırıltılı olduğunu heç vaxt unuda bilməyəcəyini bildirib. O, Tanrının həmin görüşdən ayrılmaq imkanı yaratdığını və bununla onu xilas etdiyini qeyd edib.

Gündəlik qeydləri 1992-ci ilin dekabrından başlayır. Həmin vaxt gələcək Papa Fransisk Xorxe Mario Berqolyo adı ilə Buenos-Ayresin köməkçi yepiskopu vəzifəsində çalışırdı. Qeydlər 2024-cü ilin avqustuna qədər davam edir. Bu tarix onun 88 yaşında vəfat etməsindən təxminən səkkiz ay əvvələ təsadüf edir.

Fernandes 2023-cü ildə Fransisklə keçirdiyi görüşlərdən birini də xatırladıb. Həmin görüşdə başqa bir yepiskop papadan onun haqqında açıq şəkildə pis danışan, adı açıqlanmayan Vatikan rəsmisini niyə tənqid etmədiyini soruşub. Fernandesin sözlərinə görə, Fransisk cavabında Tanrının onu insanları öz istəklərinə uyğun istifadə və manipulyasiya edən bir kukla ustasına çevrilməsini istəmədiyini qəlbində güclü şəkildə hiss etdiyini bildirib.

Fransisk 2018-ci ilin iyununda gördüyü cəhənnəm görüntüsünü də gündəliyində təsvir edib. O, bir gecə cəhənnəmin girişini gördüyünü, içəriyə bir qədər baxdığını və bunun onu dəhşətə gətirdiyini yazıb. Papa daha sonra təsbehini silah kimi əlinə aldığını və bu köməyə görə Tanrıya minnətdar olduğunu qeyd edib.

Gündəliklərdə Fransiskin papalığı dövründə baş vermiş bəzi hadisələrə də toxunulur. Bunlardan biri onun 2018-ci ildə Çiliyə etdiyi və mübahisələrə səbəb olan səfəridir. Həmin vaxt papa bir yepiskop barəsindəki cinsi zorakılıq və bu halların ört-basdır edilməsi iddialarını rədd etdiyinə görə kəskin tənqid olunmuşdu. Fransisk sonradan üzr istəmiş, ölkənin yepiskoplarını Romaya çağırmışdı. Görüş zamanı yepiskopların hamısı görünməmiş addım ataraq istefalarını təqdim etmişdilər.

2021-ci ildəki qeydlərindən birində Fransisk Çilidə baş verənlərə görə sarsıldığını və vəziyyətin bu qədər ciddi olduğunu düşünmədiyini etiraf edib.

Fernandes Fransiskin bəzi yüksək vəzifəli kilsə xadimləri haqqında fikirlərini də açıqlayıb. Onların arasında 2025-ci ilin mayında Fransiskin varisi seçilərək Papa XIII Lev adını götürən ABŞ kardinalı Robert Prevost da var. Fransisk onu böyük ruhani rəhbər, səxavətli missioner və qüsursuz insan kimi xarakterizə edib.

Fransisk onun ən sərt tənqidçiləri arasında yer alan Qvineya kardinalı Robert Sara və alman kardinal Gerhard Müllerdən də müsbət fikirlərlə bəhs edib. O, Sara barədə incə mənəvi həssaslığa malik olduğunu, Müller haqqında isə aqressiv görünsə də, yaxşı insan olduğunu bildirib.

Özünün papa seçilməsi ilə bağlı isə Fransisk 2013-cü ilin iyulunda, pontifik seçilməsindən dörd aydan çox vaxt keçdikdən sonra gündəliyində qısa qeyd aparıb: Onu martın 13-də papa seçiblər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu