Kanada və Qətər investisiya sazişi imzalayacaq



Kanada və Qətər iki ölkə arasında investisiyaların təşviqi və qorunması haqqında saziş imzalamağa hazırlaşır. 

AFN.az xəbər verir ki, proseslə tanış olan mənbənin Reuters agentliyinə bildirdiyinə görə, sənəd noyabrın 24-də imzalanacaq və Qətərin Kanadaya yatırmağı vəd etdiyi investisiyaların reallaşmasına zəmin yaradacaq.

İmzalanması daha əvvəl ictimaiyyətə açıqlanmayan saziş Kanada və Qətər investorlarının hüquqlarını qorumaq üçün hüquqi qüvvəyə malik qaydalar müəyyənləşdirəcək, həmçinin hər iki ölkənin şirkətləri üçün qarşılıqlı biznes fəaliyyətini asanlaşdıracaq.

Bu razılaşma Baş nazir Mark Karninin yeni investisiya və ticarət imkanları axtarışının növbəti nümunəsidir. Karni hesab edir ki, Kanada artıq ABŞ-dan əvvəlki səviyyədə asılı qala bilməz və buna görə də ölkə yeni iqtisadi tərəfdaşlıqlar qurmalıdır.

Kanadanın Baş naziri Mark Karni ilə Qətərin Baş naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani sazişi iki ölkə arasında keçiriləcək ilk strateji dialoq çərçivəsində imzalayacaqlar. Bu dialoq Ottava və Doha arasında müntəzəm danışıqlar aparılması üçün rəsmi mexanizm olacaq.

Karninin ofisi və Qətərin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı şərh sorğularına dərhal cavab verməyib.

Kanadanın maliyyə naziri Fransua-Filipp Şampan bu həftə investisiya fondları və Şimali Amerika ölkəsinin banklarının nümayəndələri ilə birlikdə Qətər və Birləşmiş Ərəb Əmirliklərində səfərdədir. O, bazar günü Dohada Reuters-ə müsahibəsində yaxın vaxtlarda açıqlama veriləcəyinə işarə edib.

Şampan açıqlamanın hər iki tərəfdə müsbət qarşılanacağını düşündüyünü və bunun bu il baş verəcəyini bildirib.

Kanada hökumətinin saytında dərc olunan məlumata görə, saziş üzrə danışıqlar 2018-ci ildə başlayıb. Lakin Karni yanvar ayında Qətərə səfər etdikdən sonra proses sürətlənib. Həmin vaxt iki ölkənin birgə bəyanatında danışıqların münasib müddətdə yekunlaşdırılacağı və sazişin yay aylarınadək imzalanmasının hədəfləndiyi bildirilmişdi.

Qətər Kanadanın ölkə quruculuğu layihələrinə əhəmiyyətli strateji investisiyalar yatırmağı öhdəsinə götürüb. Bununla belə, Doha vəd etdiyi investisiyaların konkret məbləğini açıqlamayıb. Karninin səfərindən sonra Kanadada Qətərin hər hansı əhəmiyyətli investisiyası barədə də elan verilməyib.

Şampanın sözlərinə görə, saziş investorlar üçün əlverişli zəmin yaradacaq və investisiya qoyuluşunu təşviq edəcək. O bildirib ki, xarici investisiyaların təşviqi və qorunması haqqında razılaşma iki ölkə arasındakı münasibətlərdə sabitlik və proqnozlaşdırıla bilmə səviyyəsini artıracaq.

Kanadanın maliyyə naziri investisiya etmək istəyənlərin bank xidmətləri və peşəkar xidmətlər kimi zəruri imkanlara çıxışının təmin edilməsinin vacibliyini vurğulayıb.

Qətərlə nəzərdə tutulan saziş Kanadanın ötən ay Birləşmiş Ərəb Əmirlikləri ilə imzaladığı Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişindən daha məhdud əhatəlidir. Həmin razılaşma Kanada məhsullarının BƏƏ-yə hazırkı ixracının 99 faizindən çoxuna tətbiq olunan gömrük rüsumlarını azaldacaq və ya tamamilə aradan qaldıracaq. Sazişin 2027-ci ildə qüvvəyə minməsi gözlənilir. BƏƏ ötən il Kanadaya 50 milyard dollaradək investisiya yatırmağı da öhdəsinə götürüb.

Qətərin vəd etdiyi investisiyaların məbləği ilə bağlı suala cavab verən Şampan əsas diqqətin konkret rəqəmdən daha çox yaradılacaq imkanlara yönəldilməli olduğunu bildirib.

Kanadanın maliyyə nazirinin idarə olunan aktivlərinin həcmi təxminən 580 milyard dollar qiymətləndirilən Qətər İnvestisiya İdarəsi ilə də görüşü nəzərdə tutulub. Bu qurum Körfəz ölkəsinin suveren sərvət fondudur.

İnvestisiyaların artıq Kanadaya daxil olub-olmadığı barədə suala cavab verən Şampan səbirli olmağa çağırıb. O, bunun müəyyən vaxt tələb etdiyini və regionun uzunmüddətli perspektivə üstünlük verdiyini deyib.

Şampanın sözlərinə görə, regiondakı münaqişə və Hörmüz boğazında yaranan fasilələr Körfəz iqtisadiyyatlarına təzyiq göstərsə də, investorlar hazırda vəsaitlərini yerləşdirmək üçün təhlükəsiz məkanlar axtarırlar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu