Dünyada xam polad istehsalı azalıb



Dünyada xam polad istehsalı oktyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalaraq 142,4 milyon ton təşkil edib. 

AFN.az xəbər verir ki, Dünya Polad Assosiasiyasının (worldsteel) açıqladığı statistikaya əsasən, ilin ilk 10 ayında da əsas istehsalçı ölkələr arasında fərqli dinamika müşahidə olunub.

Məlumata görə, dünyanın ən böyük polad istehsalçısı olan Çinin oktyabr ayındakı istehsalı 1,6 faiz azalaraq 70,8 milyon tona düşüb. İkinci yerdə qərarlaşan Hindistan isə istehsalı 3,6 faiz artıraraq 14,5 milyon tona çatdırıb.

Digər aparıcı istehsalçılardan ABŞ-ın xam polad istehsalı 8,4 faiz artaraq 7,5 milyon ton, Rusiyanın istehsalı isə 1,9 faiz yüksələrək 5,4 milyon ton olub. Yaponiyada istehsal 2,3 faiz azalaraq 6,7 milyon tona düşüb. Cənubi Koreya isə istehsalı 3,7 faiz artıraraq 5,3 milyon tona çatdırıb. Bu göstəricilər təxmini məlumatlara əsaslanır.

Türkiyə oktyabr ayında xam polad istehsalını illik müqayisədə 5,5 faiz artıraraq 3,4 milyon tona yüksəldib.

Həmin dövrdə Almaniyanın istehsalı 9,6 faiz azalaraq 2,8 milyon tona, Braziliyanın istehsalı isə 5,4 faiz geriləyərək 2,8 milyon tona düşüb. İlk 10 istehsalçı arasında illik ən yüksək artım Vyetnamda qeydə alınıb. Ölkənin istehsalı 28,5 faiz artaraq 2,7 milyon tona çatıb.

Yanvar-oktyabr dövründə Çinin xam polad istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalaraq 795,6 milyon ton olub.

Hindistan bu müddətdə istehsalını 5,2 faiz artıraraq 144,1 milyon tona yüksəldib. Təxmini məlumatlara əsasən, ABŞ-ın istehsalı 6,1 faiz artaraq 72,5 milyon ton, Rusiyanın istehsalı isə 3,4 faiz azalaraq 54,7 milyon ton təşkil edib.

Yaponiyada 10 aylıq istehsal 0,5 faiz azalaraq 67 milyon tona düşüb. Cənubi Koreya isə istehsalını 3 faiz artıraraq 53,4 milyon tona çatdırıb.

Türkiyə yanvar-oktyabr dövründə xam polad istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artıraraq 33,2 milyon tona yüksəldib və artım tendensiyasını qoruyub.

Digər mühüm istehsalçılardan Almaniyada 10 aylıq istehsal 2,5 faiz artaraq 29,3 milyon ton, Braziliyada isə 2,3 faiz azalaraq 27,4 milyon ton olub. Bu dövrdə ən yüksək artım göstəricisi nümayiş etdirən Vyetnam istehsalını 29 faiz artıraraq 25,9 milyon tona çatdırıb.

Dünya Polad Assosiasiyasına məlumat təqdim edən və 2025-ci ildə qlobal istehsalın təxminən 98 faizini həyata keçirən 70 ölkənin regional göstəricilərinə əsasən, oktyabrda Asiya və Okeaniya regionunda xam polad istehsalı ötən ilin eyni ayı ilə müqayisədə dəyişməyərək 102,7 milyon ton səviyyəsində qalıb.

Eyni dövrdə Avropa İttifaqı (Aİ-27) ölkələrində istehsal 4 faiz azalaraq 10,5 milyon tona, Yaxın Şərqdə 27,7 faiz geriləyərək 3,9 milyon tona, Rusiya və digər MDB ölkələri ilə Ukraynada 6,8 faiz azalaraq 6 milyon tona, Cənubi Amerikada isə 4,1 faiz geriləyərək 3,6 milyon tona düşüb.

Bunun əksinə, oktyabr ayında Şimali Amerikada xam polad istehsalı 5,6 faiz artaraq 9,7 milyon tona, Türkiyənin də daxil olduğu digər Avropa ölkələrində 5,1 faiz yüksələrək 3,8 milyon tona, Afrikada isə 7,9 faiz artaraq 2,1 milyon tona çatıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu