Karni: ABŞ-nin Kanadaya mümkün hərbi müdaxiləsi ağır nəticəli riskdir
Kanada Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın ölkəsinə qarşı mümkün hərbi əməliyyat əmri verməsi ehtimalını çox aşağı, lakin baş verəcəyi təqdirdə ağır nəticələrə səbəb ola biləcək risk kimi qiymətləndirdiklərini bildirib.
AFN.az xəbər verir ki, Karni BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda New York Times qəzetinin suallarını cavablandırıb.
Karni iki ölkə arasında ticarət danışıqlarının dalana dirənməsinə baxmayaraq, ABŞ Prezidenti ilə tez-tez danışdığını qeyd edib.
Trampın Kanadanı ABŞ-ın 51-ci ştatına çevirmək barədə açıqlamalarını ciddi qəbul edib-etmədiyi sualına cavab verən Karni ABŞ-ın ölkəsinə hərbi müdaxilə ehtimalının diqqətlə araşdırıldığını bildirib. O, bunun əsas ssenari olmadığını, lakin belə bir ehtimala hazırlaşmamağın məsuliyyətsizlik olacağını deyib.
Kanada Baş naziri ABŞ-dan gələn mümkün təhdidlər qarşısında ölkəsinin daha az həssas olması üçün kritik texnologiyalarda, o cümlədən kosmik peyklərdən döyüş təyyarələrinə qədər sahələrdə ABŞ-dan asılılığını sistemli şəkildə azaltmağa çalışdığını bildirib.
Karni iki ölkə arasında ticarət danışıqlarının ötən ay dayanmasına baxmayaraq, Kanada ilə ABŞ arasında ortaq maraqlara əsaslanan ticarət razılaşmasının əldə edilməsinin mümkün olduğunu vurğulayıb.
ABŞ administrasiyası iyul ayında Kanadanın Amerika məhsullarına qarşı ayrı-seçkilik xarakterli tədbirlər gördüyünü əsas gətirərək bu ölkədən idxal olunan bəzi mallara 50 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlamışdı. Bu tariflər avqustun 22-də qüvvəyə minib.
Kanada hökuməti də buna cavab olaraq bəzi ABŞ məhsullarına 15, 25 və 50 faiz həcmində gömrük rüsumları tətbiq edəcəyini açıqlamışdı. Bu tariflər sentyabrın 8-dən qüvvəyə minib.
