Tramp: Kanada ilə ticarət sazişinə çox yaxınıq
ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət sazişinin imzalanmasına çox yaxın olduqlarını bildirib.
AFN.az xəbər verir ki, Tramp seçki mitinqi üçün səfər etdiyi Ayova ştatında hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Kanadanın Baş naziri Mark Karni ilə görüşünə dair suala cavab verən Tramp Kanada ilə çox yaxşı saziş konsepsiyasına malik olduqlarını söyləyib. O, uzun müddətdir, 70-75 ildir Kanadaya görə pul itirdiklərini və indi sazişə çox yaxın olduqlarını bildirib.
Donald Tramp Kanada ilə mümkün saziş çərçivəsində ABŞ fermerlərinin tarif ödəməsinə ehtiyac qalmayacağını, Ottava administrasiyasının Keystone XL neft boru kəmərini inşa edəcəyini və sazişin Kanada üçün də müsbət nəticələri olacağını qeyd edib.
Kanadanın Baş naziri Karni dünən verdiyi açıqlamada Tramp ilə iki ölkə arasındakı ticarətin gələcəyinə dair yaxşı görüş keçirdiklərini bildirmişdi.
ABŞ Prezidenti Tramp daha əvvəl keçmiş prezidentlər Barak Obama və Co Baydenin ekoloji səbəblərlə ləğv etdiyi Keystone XL neft boru kəmərinin inşa edilməsini istədiyini açıqlamışdı.
Tramp mayın 1-də ABŞ ilə Kanada arasındakı sərhəd bölgəsində neft və neft məhsullarının daşınmasına imkan verəcək boru kəməri layihəsinə icazə vermişdi.
