Florida-da yaşayış məntəqəsinə düşən özəl təyyarədə 9 nəfər ölüb



ABŞ-nin Florida ştatında Baham adalarına getmək üçün havaya qalxan “Learjet 60” tipli özəl təyyarənin yaşayış məntəqəsinə düşərək alovlanması nəticəsində göyərtədəki 9 nəfər həyatını itirib.

AFN.az xəbər verir ki, pilotun qəzadan saniyələr əvvəl buzlanma və turbulentlik barədə məlumat verdiyi, daha sonra təyyarənin nəzarətsiz şəkildə hündürlük itirməsi səbəbindən təcili yardım çağırışı etdiyi məlum olub.

Texas ştatındakı Ostin-Berqstrom Beynəlxalq Hava Limanından Baham adalarındakı Nort Eleuthera Hava Limanına getmək üçün havaya qalxan “Learjet 60” tipli özəl təyyarə yerli vaxtla saat 12:50 radələrində Florida ştatının Palm Biç dairəsi yaxınlığındakı Cresthaven yaşayış məntəqəsinə düşüb.

Təyyarənin yerə çırpılmasından sonra güclü partlayış baş verib və qalıqlar alovlara bürünüb. ABŞ-nin nəqliyyat naziri Şon Daffi təyyarədə olan 9 nəfərin hamısının həyatını itirdiyini təsdiqləyib. Qəzadan sonra ərazidə yüzlərlə insan təxliyə edilib, aviasiya rəsmiləri isə hadisənin səbəbini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırmaya başlayıblar.

Qəzadan sonra üzə çıxan hava hərəkətinə nəzarət qeydləri təyyarənin düşməsindən əvvəlki son dəqiqələrdə baş verənləri ortaya qoyub.

Mayami Hava Hərəkətinə Nəzarət Mərkəzi ilə əlaqə saxlayan pilot təyyarədə yüngül və idarəolunan səviyyədə şəffaf buzlanma olduğunu, orta dərəcədə turbulentlik yaşandığını bildirib. Ərazidə yağıntının başlaması ilə əlaqədar daha yüksək hündürlüyə qalxmaq üçün icazə istəyən pilot qısa müddət sonra təyyarənin sürətlə hündürlük itirməsi səbəbindən fövqəladə vəziyyət elan edib.

Pilotun radio danışıqlarında “Dəqiqədə 8 min fut alçalırıq. Kömək edin, kömək edin! Dəqiqədə 10 min fut alçalırıq” dediyi eşidilib. Nəzarətin itirildiyi son anlarda isə pilotun “Həddindən artıq sürətdəyik, dəqiqədə 20 min fut alçalırıq. Yerə çırpılacağıq” sözləri qeydə alınıb.

Florida qubernatoru Ron DeSantis qəza bölgəsində verdiyi açıqlamada hadisənin son dərəcə dağıdıcı olduğunu bildirərək, bunun fəlakətli təyyarə qəzası olduğunu, sanki raketin düşdüyünü və yol kənarında böyük krater əmələ gətirdiyini deyib.

Təyyarənin yaşayış sahəsinin yaxınlığında yerləşən Military Trail yolu ətrafına çırpılması nəticəsində yerdə dərin çuxur yaranıb. Partlayışın təsiri ilə təyyarənin hissələri geniş əraziyə səpələnib, ətrafda yanğınlar baş verib və elektrik xətləri zədələnib.

Hadisə yerindən yayılan görüntülərdə yolun bir hissəsinin çökdüyü, təyyarə qalıqlarının isə evlərin yaxınlığına səpələndiyi görünüb. DeSantis ilkin məlumatlara əsasən, yerdə olan şəxslər arasında ölən və ya yaralananların olduğuna dair heç bir məlumat alınmadığını açıqlayıb.

Qəzadan sonra təyyarə qalıqlarının düşdüyü ərazidəki evlərə və infrastruktura dəyən zərər səbəbindən genişmiqyaslı təxliyəyə başlanılıb.

Palm Biç dairəsinin 3-cü dairə komissarı Coel Flores hadisə yerinə çatan ilk yerli rəsmilərdən biri kimi təxminən 600 nəfərin gecələyə biləcəyi təhlükəsiz sığınacağa ehtiyac duyduğunu açıqlayıb.

Flores sakinlərin müvəqqəti sığınacaqlara yönləndirildiyini və Amerika Qızıl Xaçının ehtiyacı olanlara dəstək göstərmək üçün hazır vəziyyətdə olduğunu bildirib. Təxliyə edilən şəxslərin təhlükəsiz ərazilərdə yerləşdirilməsi istiqamətində işlərin davam etdiyi qeyd olunub.

Qəzanın baş verdiyi saatlarda Floridanın cənubunda göy gurultulu leysan yağışlarının və güclü fırtına hüceyrələrinin təsirli olduğu müəyyən edilib. Təyyarənin qəfil hündürlük itirməsindən bir neçə dəqiqə əvvəl daha güclü fırtına hüceyrəsindən keçdiyi qeyd olunub. Uçuşun həyata keçirildiyi ərazidə ABŞ Federal Aviasiya Administrasiyası (Federal Aviation Administration - FAA) tərəfindən aviasiya fəaliyyəti üçün yayımlanan və güclü göy gurultulu fırtına kimi təhlükəli meteoroloji şərait barədə məlumat verən konvektiv SIGMET xəbərdarlığı olub. SIGMET (Significant Meteorological Information) uçuş təhlükəsizliyini təhdid edə biləcək mühüm hava hadisələri ilə bağlı meteoroloji xəbərdarlıqları ifadə edir. Pilotun buzlanma, yağıntı və turbulentlik barədə məlumat verməsinə baxmayaraq, əlverişsiz hava şəraitinin qəzaya birbaşa səbəb olub-olmadığı hələ dəqiq müəyyənləşməyib. Rəsmilərin təyyarənin texniki vəziyyətini və hava şəraitinin uçuşa təsirini araşdırma çərçivəsində qiymətləndirməsi gözlənilir.

Qəzanın baş verdiyi nöqtənin Vest Palm Biçdəki hava limanından təxminən 6,4 kilometr cənubda yerləşdiyi bildirilib. ABŞ Prezidenti Donald Trampın da bazar günü səhər saatlarında Vest Palm Biçdə olduğu, lakin qəzadan təxminən bir saat əvvəl prezident təyyarəsi “Air Force One” ilə ərazidən ayrıldığı məlum olub. Trampın uçuşu ilə qəza arasında hər hansı əlaqənin olduğuna dair rəsmi məlumat paylaşılmayıb.

ABŞ-nin nəqliyyat naziri Şon Daffi “X” sosial şəbəkəsindəki paylaşımında 9 nəfərin həyatını itirdiyi qəzanı dəhşətli faciə adlandırıb. Daffi FAA-nın araşdırma işlərinə dəstək vermək üçün əraziyə qrup göndərdiyini açıqlayıb. Qəzanın səbəbini müəyyənləşdirmək məqsədilə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (National Transportation Safety Board - NTSB) rəhbərliyi ilə araşdırmaya başlanılıb. NTSB müfəttişlərinin bazar və bazar ertəsi günləri hadisə yerində araşdırma aparması, bazar ertəsi isə istintaqın ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirməsi planlaşdırılır. Rəsmilər təyyarədə həyatını itirən 9 nəfərin kimliyini, onların neçəsinin ekipaj üzvü, neçəsinin sərnişin olduğunu hələ açıqlamayıb. Qəzanın dəqiq səbəbinin texniki araşdırmaların nəticəsində müəyyənləşdirilməsi gözlənilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu