Danimarkada 8,8 milyon şəxsin şəxsi məlumatları ələ keçirildi
Danimarkadakı Mərkəzi Əhali Qeydiyyatı Sisteminə (CPR) qeydiyyatda olan təxminən 8,8 milyon şəxsin məlumatlarının icazəsiz şəxslər tərəfindən ələ keçirildiyi bildirilib.
AFN.az xəbər verir ki, Danimarka Araşdırma, Təhsil və Rəqəmsallaşma Nazirliyinin yaydığı yazılı açıqlamada CPR-də ciddi təhlükəsizlik pozuntusunun aşkarlandığı bildirilib.
Açıqlamada icazəsiz şəxslərin Danimarkanın bir şirkətinin CPR-ə qanuni giriş imkanından sui-istifadə etdiyi, sistemdə qeydiyyatda olan təxminən 8,8 milyon şəxsin ad, ünvan və CPR nömrələrinin ələ keçirildiyi qeyd olunub.
Açıqlamada CPR rəhbərliyinin sözügedən şirkətin giriş imkanını dayandırdığı və hadisə ilə bağlı araşdırma başladıldığı bildirilib.
Danimarkanın Araşdırma, Təhsil və Rəqəmsallaşma naziri Kristina Egelund məsələ ilə bağlı açıqlamasında vəziyyətin son dərəcə ciddi olduğunu bildirərək, səlahiyyətli bütün qurumlarla hadisənin bütün aspektlərini araşdırdıqlarını qeyd edib.
Egelund gələcəkdə oxşar hadisələrin baş verməsinin qarşısını almaq üçün CPR nömrələrinin qorunması ilə bağlı təşəbbüslərə başlanıldığını da deyərək, danimarkalılara diqqətli olmaları barədə çağırış edib.
Bu arada, Danimarka mediası ölkənin əhali qeydiyyatı mərkəzi olan CPR-də 11 milyon şəxsin məlumatlarının saxlanıldığını, onların arasında xaricdə yaşayan və ya vəfat etmiş şəxslərin də olduğunu bildirib.
Danimarkanın əhalisinin isə 6 milyondan çox olduğu qeyd edilir.

