İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək



İspaniyanın Baş naziri Pedro Sançes parlamentdə mənzil böhranının həllinə yönəlmiş qərarnamələrin rədd edilməsindən sonra növbədənkənar seçkilərə getmək qərarına gəldiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Nazirlər Kabinetinin sentyabrın 29-da qəbul etdiyi, mənzil probleminin həllinə yönəlmiş iki qərarnamənin oktyabrın 2-də parlamentdə keçirilən səsvermədə rədd edilməsindən sonra Sançes Baş nazir iqamətgahı Monkloada mətbuata qapalı canlı çıxış edərək növbədənkənar seçki qərarını elan edib.

Sançes seçki qərarını düşünmək vaxtı kimi qiymətləndirdiyi həftəsonunda partiyasının aparıcı nümayəndələri ilə fikir mübadiləsi apardıqdan sonra qəbul etdiyini bildirib.

Sançes İspaniya dövlət başçısı Kral VI Felipe ilə görüşdüyünü bildirərək Nazirlər Kabinetinin növbədənkənar iclas keçirərək parlamentin buraxılması barədə qərar qəbul edəcəyini və 29 noyabrda növbədənkənar ümumi seçkilərin keçiriləcəyini açıqlayıb.

Özünüz və övladlarınız üçün hansı gələcəyi istədiyinizə siz qərar verəcəksiniz deyərək ispanlara müraciət edən Sançes bildirib ki, onlar hakimiyyətdə olduğu hər yerdə geriləməyə səbəb olan ifrat sağçı dalğaya qoşulmaq, yoxsa İspaniyaya daha geniş mütərəqqi çoxluq qazandıraraq ölkənin açıqlıq və sosial ədalətin qalası, sülh, feminizm və rifah üçün qlobal meyar olaraq qalmasını təmin etmək arasında seçim edəcəklər.

Sançes həmçinin hakimiyyətdə olduqları son 3,5 ildə müharibələr və geosiyasi çalxalanmalar kimi görünməmiş böhranlarla üzləşdiklərini və tiranlara, texno-oliqarxlara və soyqırımçı rejimlərə qarşı mübarizə apardıqlarını deyib.

2018-ci ildən İspaniyanın baş naziri olan Sançes 23 iyul 2023-cü ildə keçirilən son ümumi seçkilərdən sonra rəhbərlik etdiyi Sosialist İşçi Partiyası (PSOE) və ifrat solçu Sumar ittifaqı ilə birlikdə 2023-cü ilin noyabrında azlıqda olan sol koalisiya hökuməti qurmuşdu.

Ölkədə yayımlanan son sorğular mümkün seçkilərdə sağ və ifrat sağın koalisiya yolu ilə hakimiyyətə gələcəyini göstərir.

Hazırda parlamentdə ən çox deputata sahib əsas müxalifətdəki Xalq Partiyası (PP) bütün sorğularda qarşıdakı seçkilərin də qalibi kimi göstərilir və onun ifrat sağçı Vox partiyası ilə koalisiya qurmaq üçün kifayət qədər çoxluq əldə edəcəyi iddia olunur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu